FƏTULLAYEV BƏZİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ HƏYATINA QƏSD EDİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət edib.

“Azadlıq”  qəzetində dərc olunan Müraciətin surəti  ədliyyə nazirinin müavini, pentensiar xidmətin rəisi Nazim Ələkbərova və Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxova ünvanlanıb.

Eynulla Fətullayev 11 il tədqiqatçı jurnalistika ilə məşğul olduğunu, eləcə də  fəaliyyəti dövründə cinayətkarların cinayətkar fəaliyyətlərini qələmə alaraq məhkəmə reportajları vasitəsilə Azərbaycan ictimaiyyətinə və oxuculara çatdırdığını qeyd edərək, belə olan təqdirdə xüsusilə ağır, amansız və dəfələrlə cinayətlər törətmiş residivistlərlə, ağır və mütəşəkkil cinayətkarlıq ideyalarının təbliğatçıları ilə bir müəssisədə, bir barakda, bir dam altında saxlanmasının düzgün olmadığını diqqətə çatdırıb. O, 1, 7, 11, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində həyatına böyük təhlükənin olduğunu bildirib.

Məhbus jurnalist müraciətinin sonunda  Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 72.3, 12.3-cü maddələrini rəhbər tutaraq, onun  məhkəmə və hüquq-mühafizə orqanlarının sabiq işçilərinin saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş edib. Fətullayev əks təqdirdə fasiləsiz aclıq aksiyasına başlamağa məcbur olacağını deyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov isə  RATİ-yə açıqlamasında E. Fətullayevin müraciətinə əsasən araşdırma aparılacağını və  müvafiq tədbirlərin  görüləcəyini bildirdi.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  

 

Previous Post

İLKİN İZAHATI ALINANDA SAVALANLI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.