BAŞ PROKURORLUQ BƏXTİYAR HACIYEVİN FİZİKİ HÜCUMA MƏRUZ QALMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇMAQDAN İMTİNA

Baş Prokurorluq 4 mart 2011-ci il tarixdə gənc fəal Bəxtiyar Hacıyevin saxlanılan vaxt fiziki hücuma məruz qalması faktı barədə cinayət işi açmaqdan imtina edib. Bu barədə bu gün (29 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın vəkili Əlayif Həsənov məlumat verib. 

Vəkil Ə. Həsənov prokurorluğun gəldiyi qənaəti əsassız hesab etdiyini və bunun ciddi qanun pozuntusu olduğunu dedi:

“Prokurorluğun gəldiyi nəticə araşdırmanın düzgün aparılmadığını göstərir. Bu barədə mənə və Bəxtiyar Hacıyevin digər vəkilinə rəsmi bildiriş daxil olmayıb. Amma hal-hazırda əlimdə 2 saylı İstintaq Təcridxanasının tibbi xidmət üzrə rəisinin aktı var və burada gənc fəalın fiziki hücuma məruz qalması əks olunub. Mən prokurorluğa təkrar müraciət edərək, araşdırmanın obyektiv aparılmasını xahiş edəcəyəm”deyə Həsənov bildirdi.

Xatırladaq ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Barəsində 1 aylıq həbs qərarını martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi  çıxarıb. 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsilini davam etdirmək üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra həbsdən azad edilmişdi. Hüquq müdafiəçilərinin fikrinə görə isə BəxtiyarHacıyev sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı “11 mart böyük xalq günü” kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib.

Previous Post

LİSENZİYALAŞDIRMA MƏSƏLƏSİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ KOMMUNİKASİYAYA BAŞLAY

Next Post

TƏRƏFLƏRİN PROSESDƏ İŞTİRAK ETMƏDİYİNƏ GÖRƏ EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.