Azərbaycanda daha bir hüquq müdafiəçisinin həbsi ilə repressiya qorxusu daha da artır

avqust 2nd, 2014

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hüquq müdafiəçisi Rəsul Cəfərovun bugünkü həbsini və ona qarşı “qanunsuz sahibkarlıq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vergidən yayınma” kimi saxta ittihamların irəli sürülməsini ən kəskin şəkildə pisləyir. RATİ Azərbaycan hökumətini Rəsulu dərhal azad etməyə, ona qarşı irəli sürülmüş bütün ittihamlara xitam verməyə və Azərbaycanda hüquq müdafiəçilərinin dövlət tərəfindən məruz qaldığı davamlı təzyiqlərə son qoymağa çağırır.

“Tanınmış hüquq müdafiəçiləri Leyla Yunusun Cümə günündəki, Rəsul Cəfərovun isə bu günkü həbsi tənqidçiləri susdurmaq və diqqəti baş verən hüquq pozuntularından yayındırmaq cəhdidir,” deyə təşkilat bildirib.

Azərbaycanın insan hüquqları sahəsindəki durumu və ədliyyə sisteminin sərt tənqidçisi olan Rəsul son zamanlar Azərbaycan hökuməti tərəfindən tabu hesab olunan bir mövzuda – siyasi məhbusların təfsilatlı siyahısı üzərində çalışırdı. Onun təşəbbüsü ilə başlanmış iki mütərəqqi kampaniya – 2012-ci il Bakı Avroviziya mahnı müsabiqəsi ilə bağlı keçirilmiş “Demokratiya Naminə Oxu” kampaniyası və “Demokratiya Naminə İncəsənət” kampaniyası ölkə səviyyəsində diqqət və dəstək almış, hökuməti insan hüquqları sahəsində durumu yaxşılaşdırmağa vadar etmişdi.

Son günlərdə Rəsul Demokratiyaya Milli Dəstək fondu, Beynəlxalq Mediaya Dəstək təşkilatı, Qara Dəniz Tresti, İREX və Oksfam və digər tanınmış insan hüquqları təşkilatlarına qarşı açılmış geniş rezonans doğuran cinayət işi ilə bağlı Baş Prokurorluqda dindirilib.

Bu gün isə, Baş Prokurorluqda dindirmədən sonra Rəsul Cinayət Məcəlləsinin 192-ci (vergidən yayınma), 213-cü (qanunsuz sahibkarlıq) və 303-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç ay həbs-qətimkan tədbiri seçilib.

May ayında digər tanınmış hüquq müdafiəçisi Anar Məmmədlinin də azadlıqdan məhrum olunmasına səbəb olmuş bu ittihamlar Rəsulun QHT-sinin dəfələrlə müraciət etməsinə baxmayaraq hökumət tərəfindən dövlət qeydiyyatına alınmaması faktından irəli gəlir.

Rəsul Cəfərov öz QHT-si “İnsan Hüquqları Klubu”nu (İHK) yarandığı 10 dekabr 2010-cu ildən bəri Ədliyyə Nazirliyində qeydiyyata aldırmağa çalışıb. Rəsulun sədri olduğu İHK bir neçə Azərbaycanlı hüquq müdafiəçisi tərəfindən, Azərbaycanda insan hüquq və azadlıqlarını müdafiə etmək məqsədi ilə yaradılıb. Həmin vaxtdan bəri Ədliyyə Nazirliyi üç dəfə İHK-nın qeydiyyat üçün müraciət ərizələrini hər dəfə yeni səhvlərin olduğu iddiası ilə geri qaytarıb. İHK-nın məhkəmələrə etdiyi şikayətlərin heç biri təmin olunmayıb.

İHK bu il QHT-lər və onların təsisçiləri üzərinə böyük məbləğdə cərimə və cinayət məsuliyyəti qoyan həddən artıq repressiv qanunvericilik dəyişikliklərinin edilməsi ilə əlaqədar fəaliyyətini dayandırmağa məcbur olmasına qədər qeydiyyatsız qalıb. İHK-nin qeydiyyatından imtina Rəsulun Azərbaycanda hüquq pozuntularının ifşa olunmasında gördüyü fəal işə görə ondan alınan qisas hesab olunur.

Rəsulun həbsi Azərbaycan hökumətinin növbəti illər üçün Azərbaycan-Avropa Şurası Fəaliyyət Planı çərçivəsində insan hüquqlarının yaxşılaşdırılması və Azərbaycan prezidenti İlham Əliyevin 23 iyunda Strasburqda vəd etdiyi kimi müstəqil vətəndaş cəmiyyəti ilə dialoqa başlanması barədə öhdəliyini şübhə altına alır.

“Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətə çatmağa cəhd edən şəxslərə sistematik təzyiqlər göstərir. Vətəndaş cəmiyyəti ilə vəd olunmuş dialoq əvəzinə baş verən son həbslər Azərbaycan hökumətinin ədalət və cavabdehlik tələb edənlərə qarşı öz aqressiv mövqeyini daha da gücləndirdiyini nümayiş etdirir,” deyə RATİ sədri Emin Hüseynov bildirib.

Son vaxtlar, Azərbaycanda tez-tez “milli xəyanətkarlar” və “beşinci kolonçular”ın mövcud olduğunu iddia edən rəsmi bəyanatlardan ibarət soyuq müharibə ritorikası qəflətən kəskinləşib. Bu kimi bəyanatlar Azərbaycan vətəndaş cəmiyyəti üçün şəraiti daha da məhdudlaşdıran konkret tədbirlərlə müşayiət olunub. Buraya dövlət nəzarətində olan mediada qarayaxma kampaniyası, QHT-lərə qarşı reydlər, avadanlıqların müsadirəsi, bir neçə QHT-nin de-fakto bağlanması ilə nəticələnmiş QHT-lərin bank hesablarına həb qoyulması,  QHT sahəsində çalışanların ölkə daxilində və xaricində məruz qaldığı təhdid və hüquqi təqiblər və sair daxildir.  Hal-hazırda ən azı on hüquq müdafiə təşkilatına prokurorluq, vergi müfəttişliyi və ədliyyə nazirliyi rəsmilərinin qeydiyyat və maliyyə sənədlərini diqqətlə yoxladığı yoxlama reydləri baş verir.

Azərbaycan may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edərkən bəzi fəallar ümid edirdilər ki, sistem fərqli düşüncəyə və müzakirəyə daha dözümlü yanaşacaq. Lakin, may ayında tanınmış hüquq müdafiəçisi Anar Məmmədovun beş il müddətinə azadlıqdan məhrum olunması və xanım hüquq müdafiəçisi Leyla Yunusun həbsi və ona qarşı ağır ittihamların irəli sürülməsi hökumətin QHT və fəalların işini daha da çətinləşdirdiyini göstərir.

“Beynəlxalq ictimaiyyət Rəsulun və onun “xuliqanlıq”, “vəzifədən sui-istifadə” və digər saxta “cinayətlə”də ittiham olunaraq həbs olunmuş həmkarlarının dərhal azad olunmasını tələb etməlidir. Bu hüquq müdafiəçilərinin həbsi beynəlxalq ictimaiyyətin Azərbaycanda insan haqlarının müdafiəsinə qalxmasının nə qədər mühüm olduğunu göstərir,” deyə Hüseynov qeyd edib.

RATİ Rəsul Cəfərov barəsində seçilmiş üç aylıq həbs qətimkan tədbirinə və ona qarşı irəli sürülmüş saxta ittihamlara etiraz edərək, onların ifadə və birləşmə azadlığı hüquqlarını təmin edən beynəlxalq standartları pozduğunu bildirir.  RATİ onun dərhal olunmasına və ona qarşı qaldırılmış ittihamların ləğv olunmasına çağırır.