RATİ Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son hücumları pisləyir

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) görkəmli hüquq müdafiəçisi Leyla Yunusun həbsini, ona və həyat yoldaşı Arif Yunusa qarşı dövlətə xəyanət ittihamının irəli sürülməsini pisləyərək, bu addımı vətəndaş cəmiyyətinin sərt təqibi kampaniyasının bir hissəsi hesab edir. Yunusa qarşı bu saxta hüquqi hücum Azərbaycan hökumətinin Azərbaycanın beynəlxalq insan hüquqları və qanunun aliliyi standartlarından nə qədər uzaqlaşdığını göstərən narahatedici addımlarından yalnız sonuncusudur.

“Leyla Yunus Azərbaycan hakimiyyətinin 2013-cü il prezident seçkilərindən sonrakı amansız repressiya kampaniyasının ən son qurbanıdır,” deyə RATİ sədri Emin Hüseynov bildirib.

Bu hadisə dövlət nəzarətində olan mediada qarayaxma kampaniyasının, QHT-lərə qarşı reydlərin, avadanlıqların müsadirəsinin, QHT-lərin bank hesablarına qoyulmuş və bir neçə QHT-nin de-fakto bağlanması ilə nəticələnmiş həbslərin, RATİ-nin tərəfdaşları olan Beynəlxalq Mediaya Dəstək təşkilatı, İREX və Demokratiyaya Milli Dəstək Fondu daxil olmaqla QHT sahəsində çalışanların ölkə daxilində və xaricdə təhdid və hüquqi təqibinin də daxil olduğu vətəndaş cəmiyyətinə qarşı prezident aparatı tərəfindən təşkil olunmuş kampaniyanın fonunda baş vermişdir.

“Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı sərt hücumların ara vermədiyi bir vaxtda, Azərbaycanın tərəfdaşları rejimin vətəndaş cəmiyyətini sistematik şəkildə sıradan çıxarmaq və tənqidçiləri susdurmaq cəhdlərinə qarşı daha güclü mövqe ortaya qoymalıdırlar. Biz, konkret olaraq, insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak edən Azərbaycan rəsmilərinə qarşı viza qadağası və aktivlərin dondurulması kimi addımların atılmasına çağırırıq,” deyə Hüseynov əlavə edib.

Prokurorluq, vergi müfəttişliyi və ədliyyə nazirliyi rəsmilərinin qeydiyyat və maliyyə sənədlərini ələk-vələk etdiyi bu reydlər QHT-lərdən öz qrantlarını Ədliyyə Nazirliyində qeydə aldırmağı tələb edən mübahisəli qanunvericilik dəyişikliklərinə istinadən həyata keçirilir.

Azərbaycanın Vergilər və Ədliyyə Nazirliklərinin qeyri-kommersiya hüquqi şəxslərin qanunvericiliyə riayət edib-etmədiyini yoxlamaq səlahiyyəti olsa da, hazırda baş verən QHT yoxlamalarının baş verdiyi kontekst və bu yoxlamaların həcmi və xarakteri yalnız belə təəssürat yarada bilər ki, yoxlamaların məqsədi QHT-lərə, xüsusən də insan hüquqları və əlaqəli məsələlərlə bağlı ictimai vəkillik işini həyata keçirmək üçün xarici qrantlardan yararlanan QHT-lərə təzyiq göstərmək və onları qorxutmaqdır.

Qeyd edək ki, dövlətlə əlaqəli olan və illik dövriyyəsi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdən dəfələrlə artıq olan QHT-lər və fondlar heç bir yoxlama və məhdudiyyətə məruz qalmırlar. Onlara qarşı gəlir və fəaliyyət barədə sistematik hesabat verilməsini tələb edən Azərbaycan qanunvericiliyinin pozulmasına görə heç bir cəza tətbiq olunmur.

QHT-lərin hazırkı yoxlama dalğası 2013-cü ilin oktyabrında Prezident Əliyevin üçüncü vəzifə müddətinə başlamasından bəri Azərbaycan vətəndaş cəmiyyətinə mənfi təsir göstərən silsilə qanun aktlarının qəbulunun ardınca baş verir. Bu qanunlar vətəndaş cəmiyyəti üçün şəraitin ciddi şəkildə pisləşməsinə rəvac verib.

Prezident Əliyevin 2013-cü ilin oktyabrında üçün vəzifə müddətinə başlamasından bəri, biz ökədə vətəndaş cəmiyyətini susdurmağa hesablanmış silsilə repressiv tədbirlərin şahidi olmuşuq:

  • Baş Prokurorluq hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxmasına qadağa qoyub. Hüquq müdafiəçisi öz bu barədə məlumatlandırılmayıb. Cəfərov özünə qarşı tətbiq olunan sanksiyaları iyun ayında Strasburqda keçirilmiş AŞPA sessiyasında Azərbaycanda hüquq pozuntuları ilə bağlı məruzənin təqdimatına görə hakimiyyətin cavab zərbəsi hesab edir.
  • İyulun 14-də Gəncədə yerləşən “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri Həsən Hüseynli 6 il müddətinə azadlıqdan məhrum olunub. 57 yaşlı Hüseynli “silahlı xuliqanlıq” və “qanunsuz olaraq soyuq silah daşıma” kimi fantastik ittihamlarla təqsirli bilinib.
  • Mayın 13-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi  bir neçə xarici və yerli QHT-lərə qarşı (142006023 saylı) cinayət işi açıb. Cinayət işi “bir neçə Azərbaycan Respublikası QHT-si və xarici QHT-lərin filial və ya nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş pozuntu faktı üzrə”, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə açılıb. Hazırda bu işə istinadən bank hesablarına həbs qoyulması səbəbindən onlarla yerli QHT de-fakto olaraq bağlanıb.
  • “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin sədri Anar Məmmədli və təşkilatın icraçı direktoru Bəşir Süleymanlı mayın 26-da 5 il yarım və 3 il yarım müddətinə azadlıqdan məhrum olunublar. Çoxları onların seçki pozuntularının aşkara çıxarılmasındakı rollarına görə cəzalandırıldıqlarını hesab edir.
  • 2013-cü ilin dekabrında parlament tərəfindən QHT qanunvericiliyinə edilmiş və 2014-cü ilin fevralında prezident tərəfindən təsdiq olunmuş daha bir sərt qanun dəyişikliyi paketi QHT-lərin fəaliyyətinə nəzarət imkanı verən yeni müddəaları özündə əks etdirir, bu məqsədlə QHT-lərin üzərinə yeni tələblər qoyur və QHT-lər üçün yeni qanun pozuntuları və cərimələr müəyyən edir. Yeni qanunvericilik, digər məsələlərlə yanaşı, qeydiyyat məlumatlarında edilmiş hər hansı dəyişikliklərlə bağlı hökumətə tələb olunan məlumatı verməməyə, hökumətin QHT-lərin qüvvədə olan qanunvericiliyə riayət etməsini yoxlamaq cəhdlərinə mane olmağa, qeydiyyata alınmamış qrantlarla bağlı bank və digər əməliyyatlar aparmağa və QHT könüllüləri ilə müqavilə imzalamamağa görə bir neçə min avro məbləğində sərt cərimələr müəyyən edir.

Sadalananlardan göründüyü kimi, Azərbaycanın Avropa Şurasının ən yüksək qanunverici orqanı olan Nazirlər Komitəsinə sədrliyi vətəndaş cəmiyyətinə qarşı əvvəlki illərlə müqayisədə daha sərt olan repressiya dalğası ilə müşayiət olunur. Bu səbəbdən, RATİ Azərbaycanın tərəfdaşlarını, xüsusilə Avropa Şurasını bu pozuntulara dərhal son qoyulmasını tələb etməyə çağırır.

Biz həmçinin beynəlxalq cəmiyyəti Azərbaycan vətəndaş cəmiyyətinə daha çox dəstək olmağa və xüsusilə insan hüquqları və digər universal dəyərlərə hörməti təşviq etmək üçün xarici maliyyəyə bel bağlayan qrupları təhdid etmək və gözdən salmaq cəhdlərini pisləməyə çağırırıq.

Previous Post

Hüquq müdafiəçisi 3 aylıq həbs edilib

Next Post

Azərbaycanda daha bir hüquq müdafiəçisinin həbsi ilə repressiya qorxusu daha da artır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.