LONDONDA “ƏLLİ FƏTULLAYEV” ETİRAZ AKSİYASI KEÇİRƏCƏK

 (Pres-reliz: Embargo: 00:01, 19 aprel 2011 (19:01 GMT, 18 April 2011)

London 19.04.11: Həbs edilmiş jurnalist Eynulla Fətullayevin üzünün əks olunduğu maskaları taxmış etirazçılar 20 aprel 2011-ci il tarixində Azərbaycanın Londondakı  səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər. Londonda yerləşən beş insan hüquqları təşkilatının nümayişi ilə Azərbaycanlı jurnalist Fətullayevin qanunsuz həbs edilməsinin dördüncü ildönümü qeyd edilir.

“Əlli Fətullayev” Azərbaycanın səlahiyyətli orqanlarını 2010-cu ilin iyul ayında narkotik maddələrə mübtəlalıq ittihamından sonra qanunsuz olaraq həbsdə qalmaqda olan Fətullayevin dərhal və qeyd-şərtsiz azad edilməsi və ziyanın ödənilməsinə çağıran məktubu təqdim etmək üçün səfirliyin qarşısına çıxacaq. 2007-ci ilin ittihamları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayevin dərhal azad edilməsinin əmr olunduğu – xarakterinə görə ikinci olan 2010-cu il tarixli hökmünə baxmayaraq, onu həbsdə saxlamaq üçün bu sonuncu ittihamın uydurma olduğu ehtimal edilir.  

 

“Amnesty International” Böyük Britaniya, “ARTİCLE 19”, “English PEN”, “İndex on Censorship” və Media Müxtəlifliyi İnstitutu təşkilatları Fətullayevin Azərbaycanın səlahiyyətləri orqanları tərəfindən uzun təqib edilmə tarixçəsinin olduğunu və 2010-cu il iyul ayında verilmiş ittihamın sadəcə onun jurnalistlik fəaliyyətləri ilə əlaqədar siyasi motivasiya olunan ittihamlar silsiləsindən sonuncusu olduğunu qeyd edirlər. Təşkilatlar Azərbaycanın səlahiyyətli orqanlarını ifadə azadlığı hüququna riayət etmək üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırlar.

Fətullayev həbsxanada qaldıqca, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisləşməkdədir. Son həftələrdə prodemokratik etirazlar silsiləsi ilə əlaqədar həbs dalğaları, demokratiya və insan hüquqları üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına qarşı təzyiqin artması və səlahiyyətləri orqanları tənqid etmələri ilə əlaqədar olaraq iki jurnalistin qaçırdılması və döyülməsi müşahidə edilmişdir.

“Fətullayevin həbs edilməsi Azərbaycanda ifadə azadlığına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərmişdir. O həbsxanada qaldıqca, jurnalistlər təzyiq tədbirləri qorxusundan özünü senzura ilə məşğul olmaqda davam edəcəklər. Bu geniş yayılmış qorxu mühitinə son qoymaq vaxtıdır”, “ARTİCLE 19” Təşkilatının İcraçı Direktoru Agnès Callamard deyib.

“Eynulla Fətullayevin bu qədər vaxt ərzində həbsxanada saxlanılması Azərbaycanda ifadə azadlığının pisləşməkdə olduğunu sübut edir. Ehtiyatlarla zəngin olan ölkədə iqtisadi maraqlar Azərbaycanda jurnalistlərin təqib edilməsi və müstəqil informasiya agentliklərini susdurmaq məqsədilə cəza tədbirlərindən istifadə üçün “hərəkət

azadlığı” kimi səhv başa düşülməməlidir”, Media Müxtəlifliyi İnstitutunun İcraçı Direktoru Milica Pesic deyib.

“Bu vəziyyət Azərbaycanın beynəlxalq nüfuzuna artıq ciddi ziyan vurmuşdur.  Avropa Məhkəməsinin qərarından yayınmaq üçün Eynulla Fətullayevə qarşı yeni, saxta ittihamların uydurulması qanunun aliliyinə hörmət edən hökumətin görəcəyi tədbir deyil. Azərbaycan mükafata layiq görülmüş bu jurnalisti azad etməli və bütün Avropaya ifadə azadlığı hüququna riayət etdiyini göstərməlidir”, “Amnesty International” Böyük Britaniya Təşkilatının Direktoru Kate Allen deyib.

“Eynulla Fətullayevin həbsdə saxlanılmasının davam etdirilməsi ədalətin təhrif olunmasıdır. Jurnalist fəaliyyəti ilə Fətullayev Hökumətin gizləmək istədiyi Azərbaycan reallığını üzə çıxarmışdır. Onun azadlığını müdafiə etmək əvəzinə, Azərbaycan Hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayevin xeyrinə verilmiş hökmünə etinasızlıq göstərmişdir. O dərhal və qeyd-şərtsiz azad edilməlidir", “English PEN” Təşkilatı, Həbsxanadakı Yazıçılar Komitəsinin Sədri Salil Tripathi deyib.

Səlahiyyətli orqanların tənqid edildiyi bir sıra qəzet məqalələrinin nəşrindən sonra 20 aprel 2007-ci il tarixində həbs edilmiş Fətullayev əvvəlcə kriminal diffamasiya ittihamları ilə təqsirləndirilmişdir. 2007-ci ilin oktyabr ayında Fətullayev əlavə olaraq siyasi motivasiya olunan terrorçuluğun dəstəklənməsi, etnik nifrətin təhrik edilməsi və vergidən yayınma ittihamları ilə məhkum edilmişdir. Bu ittihamlarla bağlı 2010-cu il aprel tarixli hökmündə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın səlahiyyətli orqanlarının Fətullayevin ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu müəyyən etmiş və Azərbaycana onu dərhal azad etmək və ziyanı ödəmək göstərişlərini vermişdir.

 Lakin 2010-cu ilin iyul ayında, bu qərarın qəti olmasından əvvəlki müddətdə həbsxana məmurlarının 2009-cu ilin dekabr ayında onun geyimindən narkotik maddənin tapılmasını iddia etməsindən sonra Azərbaycanın səlahiyyətli orqanları Fətullayevi narkotik maddələrə mübtəlalıqda ittiham etmişdir. Fətullayev bu ittihamı qeyzlə təkzib edir və beynəlxalq mütəxəssislər, o cümlədən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Thomas Hammarberg və ATƏT-in Media Azadlığı üzrə keçmiş Nümayəndəsi Miklos Haraszti narkotik maddələrə mübtəlalıq ittihamın müvafiq olaraq “həqiqətə uyğun olmadığını” və “yüksək səviyyədə inanılmaz olduğunu” qeyd etməklə, öz narahatlıqlarını ifadə ediblər.

 

“Biz narkotik maddələrə mübtəlalıq ittihamının uydurma olması və Fətullayevin azadlığa buraxılmasına göstəriş verən Avropa Məhkəməsinin hökmünə baxmayaraq onu həbsxanada saxlamaq niyyəti ilə irəli sürülməsinə inanırıq. Bu, ifadə azadlığını məhdudlaşdırmaq cəhdi ilə Azərbaycanın səlahiyyətli orqanlarının siyasi motivasiya olunan ittihamlardan istifadə etməsinin digər bir nümunəsidir”, “İndex on Censorship” Təşkilatının Redaktor Köməkçisi Natasha Schmidt deyib.

Avropa Şurasına Üzv Dövlət kimi, Azərbaycan ifadə azadlığı hüququna riayət etmək və onu müdafiə etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin hökmlərini icra etmək öhdəliyi daşıyır. Bunun əvəzində, siyasi motivasiya olunan ittihamlarla Fətullayevi həbsxanada saxlamaqla, Azərbaycanın səlahiyyətli orqanları əsas insan hüquqlarını müdafiə etmək öhdəliyini yerinə yetirmədiklərini nümayiş edirlər.

Previous Post

JURNALİSTLƏR EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏQSƏDİLƏ ACLIQ AKSİYASI KEÇİRƏCƏKLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.