PARLAMENT SEÇKİLƏRİNƏ DAİR MEDİA MONİTORİNQİNIN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANDI

      Dekabrın 13-də «Landmark»da Media Monitorinq İnstitutu 7 noyabr Parlament Seçkilərinin mediada işıqlandırılmasına dair yekun hesabatını təqdim etdi, habelə jurnalistlər üçün seminar keçirdi.

Media Monitorinq İnstitutunun nümayəndəsi Samir İsmayılov bildirdi ki, Media Monitorinqi İnstitutu 7 noyabr parlament seçkilərinin mediada işıqlandırılmasının sistematik monitorinqini aparmışdır. Onun sözlərinə görə,  oktyabrın 7-dən noyabrın 6-a qədər mediada seçkilərlə bağlı məsələlərin hansı səviyyədə işıqlandırılması, namizədlərin təbliğat və təşviqatı və digər məsələlər monitorinq edilib.

Daha sonra Media Monitorinq İnstitutunun  eksperti Rəsul Cəfərov televiziya və qəzetlər üzrə hesabatı təqdim etdi.

“Monitorinq dövründə  AzTV-də seçkilər mövzusuna 14% yer ayırmışdır.  Yalnız İctimai Televiziyanın  efirində seçkilərə daha artıq vaxt verilib ki, bu da  “Xalq Seçir” verilişində bütün namizədlərə pulsuz 4 dəqiqəli efir vaxtı hesabına olmuşdur.  ANS-in isə “Əhatə dairəsi” və   “Qulp”  verilişlərində   seçkilərə toxunulub. “Qulp” verilişində seçkilərə satirik və ironik münasibət bəslənib. “Lider” televiziyası da seçkidə iştirak edən müxalifət subyektlərinə qarşı “qara piar” aparıb“ –  deyə Rəsul Cəfərov bildirib.

“Monitorinq dövründə qəzetlərdən “Yeni Azərbaycan”  qəzetində  ancaq hakim qüvvələrin işıqlandırılmasına və  müxalif qüvvələrə qarşı isə “qara piar” hallarına rast gəlinib. “Zerkalo” qəzeti seçki mövzusuna ən az toxunan qəzet olub. Seçkilərə kifayət qədər yer ayıran “Bizim yol ” qəzeti olub” –  deyə Cəfərov əlavə edib.

“Seçki dövründə media əhəmiyyətli rola malikdir. Onlar seçicilərin məlumat almaq hüququnu həyata keçirmək və bununla da onların düzgün seçim etməsinə yardım edə bilmək, eləcə də namizədlərin seçicilərə siyasi mesajlar çatdırmaq hüququnu həyata keçirmək üçün mühüm vasitədir”. Bunu isə tədbirdəki çıxışında Avropa Birliyinin eksperti Riçard  Karver bildirib.

“Turan” informasiya Agentliyinin direktoru  Mehman Əliyev isə çıxışında bildirdi ki,  bütün özəl televiziya kanalları dövlət tərəfindən maliyyələşdirilir və  idarə olunur. Buna görə onları müstəqil adlandırmaq olmaz.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev  də  Azərbaycanda müstəqil televiziya kanalının  olmadığını bildirdi.  Habelə  Hacıyev onu da əlavə etdi ki, Azərbaycanda bu ilki parlament seçkiləri qədər saxta seçki olmayıb.

 “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bildirdi ki, son 15 il ərzində jurnalistlərə qarşı  çoxsaylı  cinayətlər edilib, lakin bu cinayətlər araşdırılmayıb.  Oruclu onu da əlavə etdi ki, Avropa Məhkəməsinin və Avropa Şurasının  Nazirlər Komitəsinin qərarına  baxmayaraq jurnalist  Eynulla Fətullayev hələ də həbsdədir.

Jurnalist Şahvələd Çobanoğlu   son seçkilərdə  yeni medianın müstəsna xidmət göstərməsindən danışdı. O,  bir çox namizədin yeni medianın imkanlarından məharətlə bəhrələndiyini qeyd etdi.

“Artıq Avropa Şurası Parlament Assambleyasının seçkilərlə bağlı bəyanatları MDB müşahidəçilərinin saxta seçkilər barədə verdikləri müsbət qeydlərinə uyğun olur”, – deyə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib.

“Azərbaycanda olan real medianın vəziyyəti göz qabağındadır. Dövlət mediası da genişlənir. Yalnız AzTV-yə üç kanal verilir. Qəzetlər də dövlətin nəzarətinə düşür. Bu isə zərərli tendensiyadır”, – deyə hüquqşünas Ələsgər Məmmədli qeyd edib.

Seçkilərin Monitorinqi və  Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı isə bildirdi ki, seçkilər ərəfəsində telekanallarda debatlar təşkil olunmayıb və İctimai Televiziyanın verdiyi  pulsuz efir vaxtı da heç bir qanuna əsaslanmayıb.

“Bəzi telekanallarda ANS telekanalında seçkilər barədə informasiyalar gedib. İnsanlar ANS telekanalının xəbərlərinə hansı reytinqlə baxırlar?”- deyə  ATƏT-in Bakı ofisinin demokratikləşdirmə şöbəsinin rəhbəri Jaklin Karpenter ümumiyyətlə telekanalların reytinqləri barədə sual etdi.

              Media Monitorinqi eksperti Nizami Cəfərov isə bildirdi ki, bütün hallarda telekanallar İlham Əliyev və Heydər Əliyevi nümayiş ediblər. Hətta İctimai Televiziyada  “Xalq Seçir ” verilişində də İlham Əliyevin və  Heydər Əliyevin görüntüləri nümayiş olunub.

            Ekstremal Jurnalistika İnstitutunun sədri  İdrak Abbasov isə bildirdi ki, Azərbaycanda İnsan haqlarının, medianın vəziyyəti ağırdır. “Naxçıvanda namizəd olmuş Səxavət Əliyevə  və  onun ailə üzvlərinə qarşı təzyiqlər edilir. Namizədin evinə basqın edilir. Namizədin lehinə səs vermiş əksər adamlar işdən çıxarılır. Seçkidən sonra da repressiyalar davam edir və bunlara son qoyulmalıdır” – deyə o bildirib.

            “Bu monitorinq artıq iki ildir ki, davam edir və  yekunlaşmaq üzrədir. Telekanallarda qanun pozuntuları ilə bağlı çoxlu qeydlərimiz var. Siyasi partiyalar uğradıqları “qara piara” görə məhkəməyə müraciət edə bilər və  biz istərdik ki, belə təşəbbüslər olsun” – deyə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov bildirib.

            Tədbirin sonunda Mehman Əliyev Media Monitorinq İnstitutunun tövsiyələrini təqdim etdi:

    * Media seçki işıqlandırmasında tarazlılıq və ədalətlilik prinsiplərini, həmçinin seçiciləri məlumatlar təmin etmək öhdəliyini rəhbər tutan könüllü davranış kodeksindən istifadə etməlidir;
    * Bütün media vasitələri namizədlərin tənqidi zamanı cavab hüququnu təmin etməlidirlər: hər hansı xəbərdə bəhs edilən bütün tərəflərin mövqeyi öyrənilməli və ya cavab vermək üçün bərabər imkan yaratmalıdır;

    * Media qərəzsiz seçki proqramları yayımlamalıdır;
    * Media vasitələri seçki işıqlandırması üçün tələb olunan bacarıqlar barədə redaktorlar və jurnalistlər üçün təlimlər təşkil etməlidirlər;
    * AŞ Nazirlər Komitəsinin R(99)15 nömrəli Tövsiyənin IV Bölməsinə uyğun olaraq, dövlət məmurları medianın və jurnalistlərin təhlükəsizliyini, qərəzsiz seçki işıqlandırmasını təmin etmək üçün lazımi tədbirlər görməlidir;
    * MSK-nın dörd dəqiqəlik pulsuz efir vaxtı ayırma qərarı təqdirəlayiqdir və gələcək parlament seçkiləri üçün qanunla möhkəmləndirilməlidir.

 

 

Previous Post

RATİ-NİN 10-DEKABR BEYNƏLXALQ İNSAN HAQLARI GÜNÜ MÜNASİBƏTİLƏ BƏYANATI

Next Post

MEDİA MONİTORİNQİ İNSTİTUTUNUN EKSPERTİ RƏSUL CƏFƏROV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.