AZAD DALĞALAR LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İLK DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (30 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən "Azad dalğalar" layihəsi çərçivəsində Dəyirmi Masa keçirilib.

Bu ilin may ayından aparılan televiziya monitorinqi ilə bağlı ilkin nəticələrin təqdim edilməsi, teleradio yayım sahəsini tənzimləyən qanunvericiliyin və telekanalların fəaliyyətinin hazırkı durumu ilə bağlı məsələlərə həsr edilmiş tədbiri giriş sözü ilə açan RATİ sədri Emin Hüseynov bildirdi ki, Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən "Azad dalğalar" layihəsinin iki əsas tərkib hissəsi var: “Bunlardan biri ümumrespublika yayımçısı olan 8 telekanalın plüralizm, fikir müxtəlifliyi, hərtərəflilik, balanslaşdırma və dəqiqliklə bağlı 20 ay ərzində monitorinqinin aparılmasıdır. Digər tərkib hissəsi isə teleradio yayımı ilə bağlı qanunvericiliyi və bu qanunda olan boşluqları nəzərdən keçirərək, Avropa standartlarına uyğun qanun layihələri hazırlayaraq hökumətə və beynəlxalq təşkilatlara  təqdim etməkdir. Bu işi isə digər tərəfdaşımız Media Hüquqları İnstitutu həyata keçirir. Bundan başqa,  layihə çərçivəsində Holland Jurnalistika Məktəbi və Slovakiyanın MEMO 98 təşkilatı ilə tərəfdaşlıq edirik”.
     Daha sonra çıxış edən Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirdi ki, Azərbaycanda televiziya və radio qanunvericiliyi sahəsində çox ciddi problemlər var. “Qanundakı boşluqlar özünü bir çox parametrlərdə ciddi büruzə verir. Azərbaycanda tezlik resurslarından düzgün istifadə edilmir. Regionların heç birində FM dalğasında yerli radiostansiyalar mövcud olmadığı üçün tezliklər istifadəsiz qalıb. Bunun nəticəsidir ki, Azərbaycanın Cənub regionunda İranın, Şimalda Rusiyanın, Qərbdə isə Gürcüstan və Ermənistanın radiostansiyaları milli tezliklərimizi zəbt edib” – deyən R.Hacılı qeyd etdi ki, televiziya sahəsində də vəziyyət ürəkaçan deyil. “İstər heç bir qanunla tənzimlənmədən fəaliyyət göstərən AzTV, istər İctimai Televiziya, istərsə də kommersiya televiziyalarının fəaliyyətində kifayət qədər qanun pozuntularına yol verilir. Xüsusilə də balansın saxlanılmasına, ictimai maraqlara xidmət etməklə bağlı məsələlərə nəzarət etmək Milli Televiziya və Radio Şurası (MTRŞ) vəzifəsi olsa da, təəssüf ki, bu sahələrə nəzarət edilmir” – deyən R.Hacılı vurğuladı ki, rəqəmsal yayıma keçid, kabel televiziyası və s. müvafiq istiqamətlərdə də problemlər mövcuddur.
     Daha sonra dəyirmi masa zamanı layihə çərçivəsində  yaradılan veb-saytın – www.tv-radio.az saytının təqdimatı da olmuşdur. Məlumat verildi ki, telekanalların monitorinqi və qanunvericiliklə bağlı hesabatlar, monitorinq metodologiyası və ümumilikdə layihə haqqında məlumat bu saytda əks olunur.
     Media Hüququ İnstitutunu  nümayəndəsi Xalid Ağaliyev bildirdi ki, layihə çərçivəsində müəyyən olunmuşdur ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) hələ də tezliklərin siyahısını ictimaiyyətə açıqlamaqdan yayınır. Bu məsələ ilə əlaqədar Media Hüququ İnstitutu (MHİ) tərəfindən məhkəməyə müraciətlə bağlı iş aparılır.
     Televiziya və Alternativ Media İnkişaf Mərkəzi-nin həmtəsisçisi Əhməd Heybətov MTRŞ tərəfindən tenderlərin keçirilməməsindən  və tezliklər siyahısının açıqlanmamasından narahat olduğunu və vəziyyətin bu cür davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi.
     Demokratik Jurnalistika Məktəbinin rəhbəri Rövşən Hacıbəyli cıxışında əsasən İctimai Televiziyanın fəaliyyətinə toxundu. O bildirdi ki, İTV təyinatına uyğun olaraq ictimai maraqlara xidmət etmir.
     “Azad dalğalar” layihəsində monitorinq qrupunun üzvü  Rəsul Cəfərov monitorinqin nəticələri ilə bağlı məlumat verərək bildirdi ki, may ayından aparılan telekanalların monitorinqi nəticəsində müəyyən edilmişdir ki, telekanalların hamısı hakimiyyət qüvvələrinə həddən artıq efir vaxtı ayırır. “Dövlət büdcəsindən maliyyələşən AzTV hazırkı Prezident İlham Əliyevi həm vaxt, həm də qiymətləndirmə baxımından geniş işıqlandırmaqla "şəxsiyyətə pərəstiş" yaratma tendensiyası üzrə fəaliyyət göstərir. İTV və ANS telekanalları istisna olmaqla digər telekanallarda müxalifət nümayəndələrinin və işıqlandırılmasına rast gəlinmir. Bununla belə, İTV və ANS telekanallarında müxalifət nümayəndələrinin və ya müstəqil mövqedən çıxış edən siyasi qüvvələrin dəvət edildiyi verilişlər bir qayda olaraq, beynəlxalq xarakterli məsələlərə, regionda gedən proseslərə həsr edilir və bu verilişlərin sayı ay ərzində 3-4 arasında dəyişir. Telekanallarda, xüsusən də özəl telekanallarda tok-şouların, xəbərlərin və xəbər törəməli verilişlərin, debat və müzakirə xarakterli verilişlərin sayı olduqca azdır. Telekanallar əsasən şou xarakterli verilişlərin hazırlanmasına və yayımlanmasına üstünlük verirlər.
     Daha sonra R.Cəfərov jurnalistlərin suallarına cavab olaraq məlumat verdi ki,   may ayında AzTV öz xəbərlərinin 98%-nin 42%-ni Prezidentə, 13%-ni hökumətə, 1%-ni Prezident Administrasiyasına, 2%-ni yerli icra orqanlarına, 17%-ni keçmiş Prezident Heydər Əliyevə, 16%-ni Heydər Əliyev Fonduna, 7%-ni hakim Yeni Azərbaycan Partiyasına (YAP) həsr etmişdir. Bu işıqlandırma həddindən artıq müsbət və ya neytral xarakterli olmuşdur.  Parlamentdə təmsil olunmayan siyasi partiya nümayəndələri də daxil olmaqla digər siyasi qurumlara 2%-ə qədər yer ayrılmışdır, bu işıqlandırma neytral xarakterli olmuşdur.  AzTV kimi İTV-də özünün əsas xəbərlər buraxılışlarının (monitorinqi aparılan vaxtın 89%-i) ən çox vaxtını hazırkı Prezidentə ayırmışdır (33%), növbəti yerlərdə Prezident Administrasiyasını (12%), hökuməti (18%), yerli icra orqanlarını (2%), keçmiş Prezident H.Əliyevi (10%), H.Əliyev Fondunu (2%), YAP-ı (12%) görmək mümkündür. Bu işıqlandırma müstəsna olaraq müsbət və ya neytral xarakterli olmuşdur. Digər telekanallarından fərqli olaraq, İTV Parlamentə təmsil olunmayan siyasi partiya nümayəndələrinə və həmçinin müxalifətə müəyyən vaxt ayırmışdır – işıqlandırmanın 11%-nə qədər. Ancaq bu hakim qüvvələrə həsr olunmuş vaxtdan olduqca azdır. Bundan əlavə, ictimai mandatlara zidd olaraq İTV-nin (habelə AzTV-nin) xəbərlər və informasiya proqramları vətəndaşların ictimai xarakterli məlumatların əldə etməsinə və analizinə kömək edə bilən tənqidi və analitik informasiyalar vermirlər. Bu hallar “Teleradio yayımı haqqında” Qanunun 2-ci və 32-ci maddələrinə ziddir.
     ANS hazırkı Prezidentdən daha çox digər hökumət rəsmilərinin fəaliyyətini işıqlandıran yeganə telekanal olmuşdur. Bununla belə, digər telekanallar kimi ANS də H.Əliyevin işıqlandırılmasına kifayət qədər geniş yer ayırmışdır – 30 dəqiqə. Bundan əlavə, keçmiş prezident informasiya proqramlarından başqa digər proqramlar çərçivəsində də nümayiş etdirilmişdir. R.Cəfərov onu da vurğuladı ki, aylıq hesabatlarda subyektlərin işıqlandırma faizləri yalnız xəbərlər proqramları üzrə müəyyən edilib. Rüblük hesabatlarda isə faizlər bütün proqramlar üzrə qeyd olunacaq.
     RATİ  sədri sonda vurğuladı ki, Dəyirmi Masaya 8 telekanalın hər birinin rəhbəri və MTRŞ sədri şəxsən dəvət olunsalar da, onlardan heç biri tədbirə qatılmayıblar. O, əlavə etdi ki, oktyabr ayında ikinci Dəyirmi Masa keçiriləcək.
Azərbaycanda Televiziya və Radio yayımının düzənlənməsi ( 3 AYLIQ HESABAT )-
http://www.tvradio.az/index.php?option=com_content&task=view&id=958&Itemid=81
 
     “Azad dalğalar”: Azərbaycanda Teleradio yayımının monitorinqi və demokratik islahat təşəbbüsü ( Birinci Hesabat ) –
http://www.tv-radio.az/index.php?option=com_content&task=view&id=929&Itemid=79
 
     TV və Radio ilə bağlı  Tövsiyələr
http://www.tv-radio.az/index.php?option=com_content&task=view&id=965&Itemid=82

 

Previous Post

ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

BAŞ POLİS İDARƏSİ REDAKTORUN MÜRACİƏTİNİ ARAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.