FUTBOLÇU BAŞ REDAKTORA FİZİKİ TƏZYİQ GÖSTƏRİB

avqust 23rd, 2010

Dünən (22 avqust) futbolçu Mahmud Qurbanov “Komanda” qəzetinin redaksiyasına gələrək, baş redaktoru Rəşad Ergünü (Ağayev) döyüb, qəzetin əməkdaşlarını təhqir edib və redaksiyanın əmlakına xeyli ziyan vurub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Rəşad Ergünün sözlərinə görə, “Bakı” futbol klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovu əsəbiləşdirən “Komanda” qəzetinin tarixli sayında dərc olunmuş “Nüfuzunu pula dəyişən adam” yazısı səbəb olub.

 

    “Redaksiyaya daxil olan Mahmud Qurbanov bütün redaksiya əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətdikdən sonra birbaşa otağıma gələrək, zərbələr endirməyə başladı. Redaksiyanın əməkdaşları Natiq Muxtarlı və Kənan Məstəliyev ona mane olmağa çalışırdılar. Daha sonra isə o, redaksiyanın kompüterlərini və digər məişət əşyalarını sındırmağa başladı” – deyən Rəşad Ergün vurğuladı ki, futbolçunu özündən çıxaran yazıda heç bir təhqirə yol verilməyib. O, əlavə etdi ki, baş vermiş hadisə ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə müraciət ediblər. “Bu gün (23 avqust) xəsarətlərlə bağlı ekspertizadan keçmişəm. Məndə olan məlumata görə, Mahmud Qurbanov da bu gün izahat verib” – deyən baş redaktor məhkəməyə də müraciət edəcəyini vurğuladı.

 

    Məsələ ilə bağlı Mahmud Qurbanov RATİ-yə açıqlamasında  “Komanda” qəzetinin redaksiyasında olmasını, baş redaktorla arasında insident yaranmasını təsdiqləsə də, redaksiyanın əmlakına ziyan vurması ilə bağlı deyilənləri təkzib edib. “Mən redaksiyaya gedərkən dava etmək fikrində olmamışam. Sadəcə bəzi təhqiramiz ifadələr işlətdiyinə görə əsəblərimi cilovlaya bilmədim və Rəşad Ergünlə sözümüz çəp gəldi. Ancaq mənim hər zaman jurnalistlərlə münasibətlərim yaxşı olub” – deyə Qurbanov bildirib.

 

    Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin növbətçi hissəsindən RATİ-yə bildiriblər ki, bu işi araşdıran təhqiqatçı bölmədə olmadığına görə, heç bir məlumat verə bilməzlər.

 

    Qeyd edək ki, “Komanda” idman qəzeti 2008-ci ildən fəaliyyət göstərir.