EYNULLA FƏTULLAYEV MİRŞAHİNƏ CAVAB YAZIB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru  Eynulla Fətullayev barəsində təhqiramiz “Bədbəxt adam” filmini çəkmiş ANS telekanalının vitse-prezidenti Mir Şahin Ağayevə cavab yazıb.

“Şərə xidmət edən dünyaya nifrət edəcək” başlıqlı yazı avqustun 21-də “Yeni Müsavat” qəzetində dərc olunub.

 

    “Bədbəxt adam” filminin efirə verilməsindən sonra cəmiyyətdən gələn reaksiyalara cavab olaraq Mirşahin “Yeni Müsavat” qəzetində yazı yazaraq, Eynulla Fətullayev haqqında xoşagəlməz ifadələr işlətmiş və müxtəlif iddialar irəli sürmüşdü.

 

Eynulla Fətullayev isə müəllifi olduğu yazıda həmin iddialara cavab verilib və əsil həqiqətin heç də Mirşahinin cəmiyyətə aşılamaq istədiyi kimi olmadığını diqqətə çatdırıb.

 

    Qeyd edək ki, avqustun 8-də  ANS telekanalında efirə verilən “Bədbəxt adam” (Fətullayev Azərbaycana qarşı) filmində Eynulla Fətullayevə qarşı açıq şəkildə “qara piar” aparılıb. 20 dəqiqəlik filmdə əqidəsiz insan kimi təqdim olunan jurnalist Fətullayevin Azərbaycana düşmən olan ölkə – Ermənistana xidmət etməsi kimi məqamlar xüsusi  qabardılıb. Filmin müəllifi, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev  Eynulla Fətullayevin jurnalist fəaliyyətinə görə həbs olunmadığını da tamaşaçıya aşılamağa çalışıb.

 

    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

            Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

            Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

 

            Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

JURNALİSTİ DÖYƏN ŞƏXS 180 SAAT İCTİMAİ İŞLƏRLƏ CƏZALANDIRILIB

Next Post

FUTBOLÇU BAŞ REDAKTORA FİZİKİ TƏZYİQ GÖSTƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.