SMM-İN TƏSİSÇİSİ NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİB

Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçisi Anar Məmmədli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi barədə Səbail rayon Məhkəməsində iddia qaldırıb. Bu barədə RATİ-yə Anar Məmmədli özü məlumat verdi.

"Xətai rayon Məhkəməsi 2008-ci il mayın 14-də SMM-in dövlət qeydiyyatını ləğv edəndən sonra ona məxsus   www.emc-az.org    saytına giriş ölkə ərazisində məhdudlaşdırılıb. Bundan sonra  www.smm-az.org   saytını öz adıma olmaqla açdım. Artıq ikinci dəfədir ki, özümə sayt açıram, amma hər dəfə də sayta girişin ölkə ərazisində məhdudlaşdırıldığının şahidi oluram. Sayta sadəcə Azərbaycan daxilində blok qoyulub. İnternet səhifəsinə ölkə daxilində girişın niyə məhdudlaşdırıldığını bilmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə informasiya sorğusu ilə müraciət etmişəm. Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri R. Gülməmmədovun cavab məktubunda bildirilib ki,    www.smm-az.org  saytının qeydiyyat məlumatlarında saytın fərdi şəxsə deyil, "EMC-Azerbaijan" təşkilatına məxsus olduğu qeyd olunub. Nazirlikdən aldığım bu cavabdan sonra saytın yerləşdiyi serverdə yenidən qeydiyyat aparıb və serverdən saytın mənə məxsus olması barədə məlumat aldım", – deyə qeyd edən A. Məmmədli yenidən nazirliyə müraciət edərək sayta ölkə daxilində olunmuş məhdudiyyətin aradan qaldırılmasını istəyib. Nazirlikdən təkrarən bildiriblər ki, www.smm-az.org saytına girişin məhdudlaşdırılması Xətai rayon Məhkəməsinin 2008-ci ilin mayında çıxardığı qətnamə ilə həyata keçirilib və ona görə də məhdudiyyətin aradan qaldırılması üçün Xətai rayon Məhkəməsinə müraciət olunmalıdır. Bu səbəbdən də A. Məmmədli məhkəməyə müraciət edərək sayta girişə qoyulan məhdudiyyətin ləğv olunmasını tələb edib.
Previous Post

“ASİ” KLUBUNUN “SEÇİLƏN” FİLMİ İLƏ BAĞLI KEÇİRİLMİŞ İÇTİMAİ MÜZAKİRƏSİ

Next Post

SAKİT ZAHİDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.