Bu gün (10 may) “Azadlıq” radiosunun müxbiri Durna Səfərli, “Yeni Müsavat” qəzetinin əməkdaşları – Əfqan Muxtarlı, Leyla İlqar, “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənov polis tərəfindən təzyiqə məruz qalıblar.
“Yeni Müsavat” qəzetinin müxbirləri də 39-cu polis bölməsinin qarşısında polis tərəfindən təzyiqə məruz qalıblar. Bu barədə RATİ-yə məlumat verən Əfqan Muxtarlı bildirdi ki, polis zərbəsi nəticəsində ayağı burxulub. “Mənə kömək etmək istəyən “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov da polisin fiziki təzyiqinə məruz qaldı” – deyən Ə.Muxtarlı vurğuladı ki “Yeni Müsavat”ın xanım əməkdaşı Leyla İlqara qarşı da zor tətbiq olundu.
“Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov RATİ-yə bildirib ki, Əfqan Muxtarlıya polis zərbə endirmək istəyən zaman mane olmağa cəhd göstərdiyinə görə, özü də polisin fiziki zorakılığına məruz qalıb.
Səbail RPİ-nin 39-cu polis bölməsinin məsələ ilə bağlı münasibətini öyrənmək üçün dəfələrlə əlaqə saxlasaq da, telefonlarımıza cavab verən olmadı.
Xatırladaq ki, bu gün gənclərdən ibarət qruplar Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamasına və bu ərəfədə “Gül bayramı” keçirilməsinə edərək müxtəlif yerlərdə aksiyalar keçirməyə cəhd göstəriblər. Saat 13.30-da Dənizkənarı Milli Parkda toplaşan bir qrup gənc “Gül bayramına yox!”, “Terrora yox!” və “Həlak olmuş tələbələrlə bağlı matəm olunsun!” şüarları aksiya keçiriblər və polis 5 nəfəri saxlayaraq 39-cu polis bölməsinə aparıb. Hadisə yerində olan RATİ əməkdaşları polisin xüsusi amansızlıq göstərdiyini, hətta qızları saçlarından tutub sürüməklə maşına mindirdiyini müşahidə ediblər.
Saat 14.00-da “Sahil” bağında eyni şüarlarla aksiya keçirən 15-20 gənc də polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıblar. Həmin vaxt hadisə yerində olan Gənclər və İdman naziri Azad Rəhimov gənclərə təzyiq olunması ilə bağlı jurnalistlərə bildirib ki, burada heç bir problem yoxdur, sadəcə gənclər polis maşınına mindirilib aparılırlar. Jurnalistlər aksiya iştirakçısı olan gənc qızın saçından tutularaq zorakılıqla polis maşınına mindirilməsi kadrlarını nazirə göstərsələr də, Azad Rəhimov yenə də “sakit olun, burada nə var ki?” deməklə kifayətləndi.
Qeyd edək ki, aksiya zamanı “Sahil” bağında çəkiliş aparan RATİ əməkdaşını da polis nalayiq sözlərlə təhqir edib.
“Azadlıq” radiosunun məlumatına görə, saat 14.00-da Neft Akademiyasının qarşısına gül qoymaq istəyən 20 nəfərə yaxın gənc də Mərkəzi Bankın (keçmiş Milli Bank) yanında polislər tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci polis bölməsinə aparıblar. Məlumatda o da bildirilir ki, saxlananlar arasında hadisələri müşahidə edən ABŞ Milli Demokratiya İnstitutunun ölkə direktoru Aryen de Wolf da olub.
Səbail rayonu 39-cu polis bölməsindən növbətçi Səfərov «Azadlıq» radiosuna bildirib ki, 30-a qədər gənc saxlanılıb və saat 17:30-dək onlardan izahat alınıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
ADP gənclər təşkilatının üzvü Cəmil Hacıyev isə 39-cu polis bölməsinin qarşısında olan RATİ əməkdaşlarına bildirib ki, polis bölməsində saxlanılarkən ona qarşı fiziki təzyiq göstərilib.
Video:
http://www.irfs.az/content/view/2297/1/lang,az/
Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,243/lang,az/