Yerli vətəndaş cəmiyyəti fəallarının başladığı “Azad musiqi azad olmayan ölkədə” kampaniyası tək Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dəstək tapır.
Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Anar Məmmədli bildirib ki, “Sərhədsiz Reportyorlar” Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı kampaniyanı dəstəkləyib. Təşkilatçılar Fransa prezidenti Nikola Sarkoziyə oktyabrın əvvəllərində Bakıya səfəri zamanı Azərbaycanda insan hüquqları ilə bağlı məsələlərə diqqət ayırmaq xahişi ilə müraciət etmək niyyətindədir. Çexiya, Polşa, Niderland, Fransa, Norveç, Almaniyadakı demokratik qurumlar azərbaycanlı həmkarlarının təşəbbüsünə maraq göstərirlər. Kampaniya çərçivəsində son vaxtlar hakimiyyətin təzyiqi ilə üzləşən vəkillərin hüquqları da müdafiə olunacaq.
İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov deyib ki, yaxın günlərdə insan hüquqlarına aid xüsusi sayt, habelə videoçarx hazır olacaq. İnsan hüquqlarının müdafiəsi məqsədilə imzatoplama aksiyası keçiriləcək.
Kampaniya təşəbbüskarları İctimai Televiziyanı informasiya sorğularına cavab verməkdən imtinaya görə məhkəməyə verdiklərini deyiblər. İddia üzrə iclas sentyabrın 26-da Yasamal rayon məhkəməsində keçiriləcək.
Vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, vətəndaşların siyasi motivlərlə təqib olunması, toplaşmaq azadlığının məhdudlaşdırılması və etiraz aksiyaları iştirakçılarının həbsi şəraitində Azərbaycanın Avropa ailəsində qalması sual altındadır.
“Azad musiqi azad olmayan ölkədə” kampaniyasının təşəbbüskarları Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu və Siyasi Azadlıqları Müdafiə Alyansıdır.
Sonradan “Nida” Vətəndaş Hərəkatı, “Azad gənclik” təşkilatı, Demokratik Jurnalistika Məktəbi də kampaniyaya qoşulub.