JURNALİST ÖZÜNÜN VƏ AİLƏ ÜZVLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT ETDİ

Bu gün “Ayna”-“Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov özünün və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün dövlət başçısı İlham Əliyevə rəsmi qaydada müraciət edib.  Bu barədə jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında “Niva” markalı 90 AE 764 dövlət nömrə nişanlı avtomobillə 4 nəfər idmançı görkəmli şəxs jurnalistin ailə üzvlərinin yaşadığı həyətə növbəti dəfə qanunsuz soxulublar. Onlar heç bir məsuliyyət hissi keçirmədən jurnalistin ailə üzvlərini təhqir ediblər. “Deyiblər ki, bizə heç nə edə bilməzsiniz. Adam kimi dil başa düşmürsünüz. Elə eləməyin ki, sizi daha betər günə qoyaq”,- deyə qeyd edən jurnalistin sözlərinə görə, basqınçılar baş verənlərin ictimailəşdirilməsi ilə Abbasovların heç nəyə nail ola bilməyəcəklərini və növbəti dəfə İ. Abbasovun “ağıllı olmağa” dəvət edilməsini qohumlarından tələb ediblər.

   Qeyd edək ki, sentyabrın 20-dən 21-ə keçən gecə saat 22.30 radələrində Binəqədi rayon Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində  işdən evə gedərkən yaşadığı evin yaxınlığında ağ rəngli “Niva” markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs İdrak Abbasovun qarşısını kəsərək onu hədələyiblər.  Buna qədərsə onun qardaşı Raman Abbasovun qarşısı kəsilmişdi və o da hədələnmişdi.

Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə  Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində  daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə   daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər  qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.

Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə (Semaşko) çatdırılıblar.

İ.Abbasovun dediyinə görə, xəstəxanada müalicə edilmədiklərinə görə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyevanı (onun vəziyyəti hazırda ağır olar qalır) ötən həftənin sonunda xəstəxanadan çıxarmağa və şəxsi klinikaların birində müalicə etdirməyə məcbur olub. Ata Telman Abbasovun isə müalicəsi 4 saylı şəhər xəstəxanada davam edir.

            Baş verən hadisə ilə bağlı  Binəqədi rayon 40 saylı Polis Bölməsində araşdırmalar gedir. Hadisə yerinə baxış keçirilib, ilkin ifadələr alınıb, hadisə yerində foto şəkillər çəkilib. Habelə İ.Abbasov qeyd etdi ki,  ailə üzvlərinə xəsarət yetirən şəxslərin bir neçəsinin adı, o cümlədən onların hansı nəqliyyat vasitələri ilə  basqında iştirak eləmələri barədə polisdə məlumatlar var.

Onu da qeyd edək ki, İ.Abbasovun özü barədə polisə xuliqanlıqla bağlı, qardaşları Vaqif Abbasov və Raman Abbasov barədə isə  “adam döymə” ilə bağlı şikayətlər verilib. Ailənin hüquqlarının qorunması ilə Media Hüququ İnstitutunun əməkdaşı, vəkil Elçin Sadıqov məşğul olur.

 

 

 

Previous Post

YUSİF MƏMMƏDƏLİYEV AZƏRBAYCAN VƏTƏNDAŞI OLMAQ İSTƏMİR

Next Post

“AZAD MUSİQİ AZAD OLMAYAN ÖLKƏDƏ” KAMPANİYASI BEYNƏLXALQ DƏSTƏK QAZANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.