BAKIDA “ONLAYN AZADLIQ: İNERNETİN ÖZÜNÜTƏNZİMLƏMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Bu gün “Hilton” otelində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ATƏT-in media azadlığı üzrə nümayəndəsinin dəstəyi ilə keçirdiyi  “Onlayn Azadlıq: İnernetin özünütənzimləməsi” üzrə beynəlxalq konfransda əsas müzakirələr internetin özünütənzimləməsi və ya hökumət tənzimləməsinin lazım olub-olmaması ətrafında olub.

Çoxsaylı vətəndaş cəmiyyəti təmsilçilərinin, hökumət rəsmilərinin, blogerlərin, jurnalistlərin, beynəlxalq və yerli ekspertlərin iştirak etdiyi  forumda səslənən fikirlər əsasında gələn ilin oktyabrında Azərbaycanda keçiriləcək İnternetin İdarə olunması üzrə Forumuna tövsiyələr hazırlanacaq.

“Azərbaycanda məlumat məkanı qütbləşib. Hökuməti tənqid edənlər və tərif edənlər var. Bu səbəbdən də iştirakçılar müvafiq seçim edə bilmir. Mediada işıqlandırılmayan məsələlər internetdə əksini tapır və bu ölkənin ictimai marağına uyğundur”, – deyə ATƏT-in Bakı ofisinin rəhbər müavini Melissa Stoun qeyd edib.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyib ki, ümumiyyətlə dövlətin müdaxiləsi yönündən internetin tənzimlənməsi yolverilməzdir. Hökumət bunun adını internet TV və ya İnternet Radio qoyub nəyisə lisenziyalaşdırmaq istəyirsə, bu, qəbuledilməzdir. Ələsgər Məmmədli hesab edir ki, internet birmənalı şəkildə azad olmalıdır. Necə ki, medianın məsuliyyəti var, o çərçivədə də internet öz məsuliyyətinin sərhədini özü dərk etməlidir”. Forumda son zamanlar hökumət rəsmilərinin internetin tənzimlənməsi və internet televiziyaların lisenziyalaşdırılması ilə bağlı bəyanatlarına sərt reaksiya verilib. Çıxışların demək olar ki, hamısı bu bəyanatların tənqidinə yönəlib. “Hökumət ölkədə hansı sahəni tənzimləyirsə insanlar daha çox həmin sahələrdən əziyyət çəkir. İqtisadiyyat tənzimlənir monopoliyalar artır,  təhsil tənzimlənir savadsızlıq artır, televiziyalar tənzimlənir tamaşaçıları yoxdur. Burada söhbət hökumətdən deyil, bir nəfərdən gedir. Tənzimləmə məsələlərinə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli daha çox müraciət edir. Lazımdır ki, internet icması bu şəxsləri tənzimləsin. Çünki demokratik ölkələrdə ictimaiyyət dövlət siyasətini tənzimləyir”, – deyə REAL hərəkatının həmsədri İlqar Məmmədov qeyd edib.

         Ekspertlər internetdə özünü tənzimləmənin  mövcud olduğunu  diqqətə çatdırıb. Dövlət tənzimləməsi məsələsi isə yalnız avtoritar rejimlərdə ortaya atılır, amma buna da nəzarət etmək mümkün olmur. “İnternetdə interaktivlik var və hər icma öz şəbəkəsi vasitəsi ilə özünü tənzimləyir. İnternetin tənzimlənməsi isə mümkün deyil. Çünki, yayımçı bir ölkədə, istifadəçi başqa ölkədə, domen isə digər ölkədə yerləşə bilir. Bu səbəbdən də internet hər hansı qanunla nizamlana bilməz”, – deyə sosial media üzrə ekspert İlqar Mirzə bildirib.

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr və qeyri dövlət  qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov isə deyir ki, internetdə söhbət tənzimləmədən yox, qlobal idarəçilikdən gedir. Onun sözlərinə görə, 2006-cı ildə BMT çərçivəsində İnternetin idarəçiliyi üzrə qlobal bir forum yaradılıb. Artıq beş forum keçirilib. Altıncı forum Azərbaycanda keçiriləcək və internetin qlobal səviyyədə idarəçiliyi müzakirə olunacaq.

   Bəzi ekspertlər internet icmalarının etik qaydalardan istifadə etməsinin vacibliyini qeyd edib. Çünki, etik qaydalar unudulanda narazılıqlar yaranır. Digər ekspertlər isə bunun əleyhinə çıxıb. “İnternet televiziyaların lisenziyalaşdırılması məsələsinin gündəmə gətirilməsi insanları iqtidar televiziyasına baxmağa məcbur etmək anlamını ortaya çıxarır. Efir azadlığını nəzarətdə saxlamaq istəyənlər bu fikriləri ortaya atır. Bu avtoritar təfəkkürdür”, – deyə Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib.

   ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Kristian Moller deyib ki,  21-ci əsrdə hökumətlər kimin jurnalist olub-olmaması araşdırmasına son qoymalıdır. “Heç bir hökumətin ayrılıqda interneti tənzimləmə imkanı yoxdur. İnternetdə yayılan informasiyaların məzmununa görə də hər hansı hökumət məsuliyyət daşımır. İnternetdə özünü tənzimləmə var və bu əslində internet azadlığıdır. Hər bir məlumatdan sonra hər kəs sözünü deyib cəmiyyətin inkişafına təsir edə, təkan verə bilir. Nifrət dolu fikrilərə əks arqumentlər irəli sürülür”, – deyə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Kristian Moller vurğulayıb.  Ekspert həmçinin Azərbaycanda paytaxtla regionlar arasında fərqin aradan qaldırılmasının vacibliyini deyib. “Hökumət həm paytaxtda, həm də regionlarda genişzolaqlı internetə əl çatımlılığı təmin etməlidir”.

“Turan” Agentliyinin direktoru Mehman Əliyev isə fikrini belə ifadə edib: “Azərbaycanda internetin tənzimləməsi olsa, azad söz və internet boğulacaq. Bu tənzimləmələr fərq etmir harada aparılır, mediada , dini sahədə, tv-də və ya internetdə. Cənab Mollerin çıxışında bir ciddi fərq var ki, onun dedikləri Avropa ölkələri üçün keçərlidir. Azərbaycan Avropa təcrübələrinə uyğun qanunlarla işləmir.”

       Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı tədbirin ilk panelindəki çıxışında bildirib: “İnternetdə özünü tənzimləmə əsas problemlərdən biridir. Bütün hallarda mən hesab edirəm ki, əxlaqi qaydaların qorunması üçün bu qaydaların yazılması vacibdir. Çünki bu olmayanda digər fəsadlar ortaya çıxır. Bu qaydaları sərtləşdirməyə çalışanda isə daha ciddi problemlər meydana gəlir. Bu gün ölkədə internetlə bağlı ən ciddi problem internetə çatımlılıqdır. Bir sıra səbəblərdən ölkədə internetlə çatımlılıqla bağlı ciddi noqsanlar var. Bu problemlərdən biri də internet xidmətlərinin inhisara alınmasıdır”.        

   Blogerlər də internetin tənzimlənməsi ilə bağlı bəyanatları sərt tənqid edib. “Hökumət əslində “Lider” televiziyasını tənzimləməlidir. Çünki bu televizya vasitəsi ilə insanlar təhqir olunur. Bloqum mənim virtual evimdir, mülkiyyətimdir. Kim istəyir bloqumun pəncərəsindən baxsın, kim də istəmir baxmasın”, – deyə bloger Pərviz Əliyev vurğulayıb.

    RATI-nin direktoru Emin Hüseynov konfransın təşkilinə dəstəyə görə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçə minnətdarlıq bildirib. O 2012-ci ili Azərbaycanda internet azadlığı üçün mühüm il adlandırıb. “Azərbaycanda hökumət internetə nəzarət etmək istəyir, vətəndaş cəmiyyəti isə bunun əksini düşünür. Bu səbəbdən biz  internet azadlığı ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. 2012-ci ilin oktyabrında Azərbaycanda keçiriləcək İnternetin İdarə olunması üzrə Forum zamanı paralel forum keçirəcəyik”, – deyə o qeyd edib.

    E.Hüseynov həmçinin bu gün keçirilən konfransda səslənən təklif və tövsiyələrin yekun versiyası ilə bağlı dekabrın 19-da  RATİ-də mətbuat konfransı keçiriləcəyini bildirib.

   Çıxışlarda həmçinin internet üzərində dövlət monopoliyası, provayderlərin Bakıda yerləşməsi, regionlarda biznes mühitinin olmaması, elektron hökumət barədə dövlət proqramları, infrastrukturun inkişafı, kibetrcinayətkarlıq, müəllif hüquqları ilə bağlı məsələlərə də toxunulub.

 

Previous Post

SULUTƏPƏDƏ APARILAN SÖKÜNTÜDƏN REPORTAJ HAZIRLAYAN JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.