FRANSA HÖKUMƏTİ EYNULLA FƏTULLAYEVƏ ÇIXARILMIŞ YENİ HÖKMLƏ BAĞLI BƏYANAT VERİB

Fransa hökuməti “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsində çıxarılmış yeni hökmdən narahatlıq ifadə edən bəyanatla çıxış edib. Fransanın Azərbaycandakı səfirliyinin  veb saytında  yerləşdirilmiş bəyanatda deyilir:

“Biz narahatlıq hissi ilə azərbaycanlı jurnalist Eynulla Fətullayevin növbəti dəfə iki il yarımlıq cəza ilə məhkum olunduğunu öyrəndik. Bu qərar Strasburqun Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel tarixində jurnalistin dərhal azad olunmasını və ona maddi təzminat ödənilməsini tələb etdikdən sonra verilmişdir. Biz Azərbaycan hökumət orqanlarını İnsan Hüquqları üzrə Avropa Konvensiyası çərçivəsində onların götürdükləri öhdəliklərə riayət etməyə və Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırırıq”. Fransa fundamental azadlıqlara, o cümlədən ifadə azadlığına və jurnalistlərin peşə fəaliyyətini azad yerinə yetirmək hüququna riayət olunmasının vacibliyi vurğulanır.

 

    “Fransa Azərbaycan ilə hüquqi Dövlətin möhkəmlənməsi və bu ölkədə vətəndaş cəmiyyətinin irəliyə aparılması üçün əməkdaşlıq etməyə hazır olaraq qalır" – deyə bəyanatın sonunda bildirilir.

 

     Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

    2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

    Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

DEVİD KRAMER AZƏRBAYCANDA İNSAN HAQLARI SAHƏSİNDƏ VƏZİYYƏTİN GETDİKCƏ PİSLƏŞDİYİNİ DEYİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.