QƏNİMƏT ZAHİD “QƏNİMƏT HƏFTƏSİ”NİN QALİBİ OLDU

Bu gün (17 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azad Söz İnqilabçıları” (ASİ) klubunun elan etdiyi «Qənimət həftəsi» müsabiqəsi iştirakçılarının mükafatlandırma mərasimi keçirildi.

İlk öncə çıxış edən ASİ klubunun təsisçiləri Anar Niftəliyev, Eldəniz Elgün və Pərviz bildirdilər ki, Qənimət Zahidin həbs olunmasının 1 ilinin tamam olması ilə əlaqədar elan etdikləri “Qənimət həftəsi” aksiyası “Azadlıq” qəzetinin  baş redaktoruna dəstək xarakteri daşıyıb. Həftəlikdə iştirak edən  yazarlara göstərdikləri mənəvi dəstəyə görə təşəkkür edən ASİ-çilər onların hər birini diplomla mükafatlandırdılar. Diplom alanlar  – Zamin Hacı (“Yeni Müsavat”), Mahal İsmayıloğlu (“Yeni Müsavat”), Əvəz Zeynallı (“Xural”), Seymur Əhməd (“Azadlıq”), Natiq Güləhmədov (“Bizim Yol”), Süleyman Osmanoğlu (“Proqnoz”), Səbuhi Məmmədli (“Yeni Müsavat”),  Qan Turalı (“Azadlıq”) və  Samir Sarı (“Yeni Müsavat”) oldu.
Həmçinin həftəliyə ən çox informasiya dəstəyi verən jurnalistlər kimi  «Media forum» saytından Aynur İmanova və «Yeni Müsavat» qəzetindən Sevinc Telmanqızı da diplomla mükafatlandırıldılar.
“Qənimət həftəsi”nə qatılmış  yazarların yekdil qərarı ilə həftəliyin ödülçüsü elan olunan «Azadlıq» qəzetinin həbsdəki baş redaktoru Qənimət Zahidin mükafatları – xüsusi diplom, medal və 150 manat pul onun xanımı Ayəndə Mürsəliyevaya təqdim edildi.
Həftəlik çərçivəsində müxtəlif mətbu orqanlarda dərc olunmuş yazıların toplusundan ibarət olan “Asilərin kitabı – 1” kitabı da tədbir iştirakçılarına təqdim olundu.
Mükafatlandırılan yazarlar və tədbirdə iştirak edən media rəhbərləri Rauf Arifoğlu, Bahəddin Həziyev, Rövşən Hacıbəyli, Mehman Əliyev çıxış edərək ASİ klubunun həbsdə olan baş redaktora verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirdiklərini bildirdilər və həbsdə olan bütün jurnalistlərin tezliklə azad olunmalarını arzuladılar.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,168/id,1685/lang,az/
Previous Post

ELAN!

Next Post

REDAKSİYANIN QARƏT OLUNMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.