QƏNİMƏT ZAHİD MƏHBUSLARA AZƏRBAYCAN ƏLİFBASININ ÖYRƏDİLMƏSİNİ TƏKLİF EDİR

“Azadlıq” qəzetinin azadlıqdan məhrum edilmiş baş redaktoru Qənimət Zahid (Zahidov) yeni bir təklif irəli sürüb.

Onunla bir korpusda olan məhbusların əksəriyyətinin latın qrafikalı  Azərbaycan əlifbası ilə  yazıb-oxuya bilmədiyini əsas gətirən baş redaktor bu problemin həlli üçün Təhsil Nazirliyinin Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə həbsxanalarda kursların təşkil etməsinə ehtiyac görür. Bu barədə məlumatı RATİ-yə iyulun 14-də  Q. Zahidlə 17 saylı Cəzaçəkmə Müəssisəsində görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva  verib.

Xatırladaq ki, Azərbaycan 1991-ci il dekabr ayının 25-də kiril qrafikalı Azərbaycan əlifbasından imtina edərək latın qrafikalı əlifbaya keçib. 2001-ci il avqust ayının 1-dən isə yeni əlifbanın tam tətbiqinə başlanıb.

Yeri gəlmişkən Q. Zahid bir neçə gün bundan öncə narkomaniyadan əziyyət çəkən məhbuslar üçün ayrıca müəssisənin tikilməsini və həmin məhbusların müalicəyə cəlb edilməsini də təklif etmişdi.

 A.Mürsəliyeva Q.Zahidin səhhətində ciddi bir problemin olmadığını, əsasən revmatizmdən və göz ağrılarından  əziyyət çəkdiyini də bildirib:
    
“O,  hər gecə ayaqlarına revmatizmə qarşı maz çəkməsə yata bilmir. Buna səbəb  onun saxlandığı  cəzaçəkmə müəssisəsinin  nəmişlik olmasıdır”.

Zahidin təklifinə münasibət öyrənmək üçün RATİ Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən cəzaçəkmə müəssisələrində təhsillə bağlı bütün məsələlərin qanunvericiliklə həll olunduğunu bildirdilər.

“Biz Qənimət Zahidin verdiyi təkliflərlə oturub-durmuruq, dustaqların təhsil alması üçün isə Azərbaycanda bütün cəzaçəkmə müəssisələrində məktəblər var. Bu məktəblərdə  oxumuş, attestat almış və azadlığa çıxdıqdan sonra ali təhsil ocaqlarına qəbul olmuş dustaqlarımız  da var”, – deyə şöbənin əməkdaşı vurğuladı.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU JURNALİSTLƏRƏ QARŞI NEQATİV HALLARIN ARTDIĞINI BİLDİRİR

Next Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİNİN TALEYİ SABAH BƏLLİ OLACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.