MEDİA HÜQUQU İNSTİTUTU JURNALİSTLƏRƏ QARŞI NEQATİV HALLARIN ARTDIĞINI BİLDİRİR

Media Hüququ İnstitutu (MHİ) bu gün (16 iyul) 2008-ci ilin ilk 6 ayı üzrə medianın hüququ durumu ilə bağlı hesabatını açıqlayıb.

Bununla əlaqədar keçirilən mətbuat konfransını açıq elan edən MHİ-nin rəhbəri Rəşid Hacılının sözlərinə görə, bu ilin ilk 6 ayı ərzində medianın vəziyyəti ürəkaçan olmayıb. Hacılı diffamasiya halları ilə yanaşı jurnalistlərə qarşı digər neqativ halların da artdığını bildirdi və buna Aqil Xəlil olayını misal çəkdi. O, hesabat hazırlanarkən digər mənbələrlə yanaşı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) materiallardan istifadə etdiklərini də qeyd etdi. 

Daha sonra çıxış edən MHİ-nun layihə koordinatoru Xalid Ağaəliyev mediada yarım il müddətində baş vermiş hadisələr, bu hadisələrlə bağlı qurumun gəldiyi nəticə və rəyləri açıqladı. Çıxışı zamanı Ağaəliyev xüsusi olaraq medianın cərimələnməsi, prezidentin “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun olmayan müddəalarla bağlı dəyişiklik etməsinə, informasiya azadlığı və AzTV-nin statusu məsələsinə toxundu. Onun sözlərinə görə, 2008-ci ilin ilk 6 ayı ərzində ümumilikdə məhkəmələr qarşısında qaldırılmış iddialarla medianın 1 milyon 212 min AZN məbləğində cərimələnməsi istənilib, informasiya məsələləri üzrə müvəkkil hələ də təyin edilməyib, habelə hakimiyyətin üzərinə götürdüyü öhdəliklərə zidd olaraq AzTV hələ də ləğv olunmayıb. Ağaəliyev jurnalistlərə qarşı hədələrin, fiziki təzyiqlərin və psixoloji basqıların artdığını da vurğuladı.

Tədbir zamanı çıxış edən RATİ-nin sədri Emin Hüseynov informasiya əldə etmək məsələsinə toxunaraq dövlət qurumlarının sorğulara ya ümumiyyətlə cavab vermədiyini, ya da sorğuların mahiyyəti üzrə cavablandırılmadığını bildirdi:
 
““Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynova abidənin ucaldılması ilə bağlı RATİ-nin göndərdiyi sorğuların cavablandırılmasını dövlət qurumları bir-birinin üzərinə atırlar. Prezident Aparatı bunu Yasamal rayon İcra Hakimiyyətinə həvalə edir, İcra Hakimiyyəti bu məsələnin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həll edildiyini bildirir, bu nazirlik isə yenidən prezidentə müraciət etməyi məsləhət görür, prezident isə ümumiyyətlə heç bir cavab vermir”.

Hüseynov sonrakı 6 ayda da jurnalistlərə qarşı müxtəlif basqıların artacağını istisna etmədi. Ötən il prezidentin məzuniyyətə getdiyi dövrdə bir jurnalistin həbs edildiyini (Müşfiq Hüseynov), jurnalistlərə qarşı qara yaxma kampaniyasının aparıldığını xatırladan Hüseynov jurnalistlərə ehtiyatlı olmağı və təxribatlara getməməyi tövsiyə etdi.   

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,85/

Previous Post

YENİ MEDİA QURUMU YARANIB

Next Post

QƏNİMƏT ZAHİD MƏHBUSLARA AZƏRBAYCAN ƏLİFBASININ ÖYRƏDİLMƏSİNİ TƏKLİF EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.