HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

mart 10th, 2009
Dünən (9 mart) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verən A. Mürsəliyeva, jurnalistin heç bir şikayəti olmadığını bildirib.
Onun sözlərinə görə, Q. Zahid “KİV haqqında” Qanuna edilmiş dəyişikliklər barədə məlumatlarla az-çox tanış olub və bu dəyişiklikləri mətbuata qarşı növbəti təzyiq forması olduğunu söyləyib. A. Mürsəliyeva sonda onu da bildirib ki, Q. Zahid görüş zamanı siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilməsinə ümid etdiyini və əfvlə bağlı gəzən söz-söhbətlərə inanmadığını da deyib: “Əgər əfv olarsa Mirzə Sakitin adı əfv edilənlərin arasında olacaq. Çünki onun cəzasının bitməsinə az müddət qalıb”.
 Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.