TƏŞVİQATÇILAR PLAKATLARI ASARKƏN DÖYÜLÜBLƏR

mart 7th, 2009
«Respublikaçılar» təşviqat qrupunun nümayəndələri martın 5-də Nəsimi rayon 21-ci seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələrinin yerləşdiyi 54 saylı məktəbin həyətində xüsusi quraşdırılmış lövhəyə plakatlar asarkən təzyiqə məruz qalıblar. 

«Biz təzəcə referendumla bağlı təşviqat plakatları asmaq istəyirdik ki, naməlum şəxslər bizə yaxınlaşıb dedilər ki, bunu etmək olmaz. Qrupumuzun gənc fəalı Cavid Hacıbəyli izah edib ki, plakat qanuna uyğun olaraq asılır. Buna cavab olaraq onu döyməyə başladılar», deyə «Respublikaçılar» təşviqat qrupunun nümayəndəsi Zakir Xəlilov «Turan»a bildirib.  
         Onun sözlərinə görə, yuxarı sinif şagirdləri də gəncin üzərinə hücum çəkiblər. Z.Xəlilov həmçinin qeyd edib ki, qrupun gənc fəalını 54 saylı məktəbin təsərrüfat müdiri, 6 saylı sahə seçki komissiyasının üzvü olan Murad adlı şəxs döyüb.  
Onun sözlərinə görə, hadisə yerinə gələn Nəsimi rayonu 21-ci dairə seçki komissiyasının nümayəndəsi bildirib ki, «Respublikaçılar» təşviqat qrupunun üzvləri qanun çərçivəsində hərəkət ediblər.  
«Respublikaçılar» təşviqat qrupunun nümayəndələri 19-cu Nəsimi rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.  
54 saylı məktəbin rəhbərliyindən şərh almaq mümkün olmayıb. «Turan»ın müxbirinin zənginə məktəbdə cavab veriblər ki, direktor iclasdadır.
   Xatırladaq ki,  Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.