QARADAĞ RAYON MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEVİN İDDİASINI GERİ QAYTARIB

Qaradağ rayon Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin 12 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı qeyri-insani münasibətlə bağlı qaldırdığı iddia ərizəsini geri qaytarıb və məhkəmə  jurnalistə İqtisad Məhkəməsinə müraciət etməyi məsləhət bilib. Bu barədə bu gün (4 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

E.Sadıqovun sözlərinə görə, məhkəmə iddia ərizəsini  yanvarın 24-də geri qaytarıb:  “Məhkəmə məsələyə laqeyd münasibət nümayiş etdirdiyi üçün  iddianı İqtisad Məhkəməsinə göndərib. Belə bir iddianın  İqtisad Məhkəməsinə göndərilməsi çox təəccüblüdür”- deyə Sadıqov vurğulayıb.

Vəkil onu da bildirdi  ki, ötən şənbə günündən  ona   E.Fətullayevlə görüş verilmir və bununla bağlı Penitensiar Xidmətə müraciət edilsə də məsələyə  konkret münasibət bildirilməyib.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  

 

Previous Post

AŞ PA –NIN MƏTBUAT AZADLIQLARI ÜZRƏ YENİ MƏRUZƏÇİSİ TƏYİN OLUNDU

Next Post

AVROPA ŞURASININ QIS SESSİYASINDA İŞTİRAK EDƏN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.