HƏBSDƏKİ JURNALİSTLƏRİN ZORAKILIĞA MƏRUZ QALMALARI BARƏDƏ MƏLUMATLARLA BAĞLI BAŞ PROKURORLUQ BƏYA

Quba hadisələrinə görə həbsdə olan “Xəyal” TV-nin Bakı İstintaq Təcridxanasında saxlanılan icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev hədələnərək təhqir və təzyiqlərə məruz qalmaları ilə bağlı mətbuatda yayılan məlumatlarla bağlı Baş Prokurorluq bəyanat yayıb.

“Qafqazinfo” saytının yaydığı məlumatına görə, Baş Prokurorluq sözü gedən  informasiyaların yayılmasını  hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi kimi dəyərləndirib.

”Belə ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər Vüqar Qonaqov və Zaur Quliyev dindirilərkən, şübhəli şəxs qismində tutularkən, onlara ittiham elan olunarkən, barələrində həbs qətimkan tədbiri seçilərkən və onlarla bağlı digər istintaq hərəkətləri yerinə yetirilərkən Azərbaycan Respublikasının Cinayət-Prossesual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən hüquqi yardım almaq hüquqları tam təmin edilmiş, bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə keçirilib. Göstərilənlərlə yanaşı onların müdafiəçilərinin vəsatət və müraciətlərinə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və müddətlərdə baxılması təmin edilir”, – deyə qeyd edilən məlumatda o da qeyd olunur ki, 9 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Vüqar Qonaqovun vəkili Rəşid Hacılı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən istintaq qrupunun rəhbəri, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranskinin iştirakı ilə qəbul edilmiş və Vüqar Qonaqovun müvəqqəti saxlama təcridxanasında saxlanılarkən onunla qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilib”.
 
Qeyd edək ki, iki gün bundan öndə jurnalistlərin İstintaq Təcridxanasında təzyiqə məruz qalmalarına dair məktubları “Azadlıq” qəzetində dərc olunub. Bu faktı  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Zaur Quliyevin vəkili Elçin Sadıqov da təsdiq edib.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini  həbs edilib. Hazırda həbsdə olan ilk 8 nəfərin məhkəməsi Quba şəhər məhkəməsində davam edir.

Previous Post

ƏSGƏR JURNALİSTİ DÖYDÜ

Next Post

FİRİDUN CƏLİLOV: “AZƏRBAYCANIN SİYASƏTİNİ KEÇMİŞ KOMMUNİSTLƏR MÜƏYYƏN EDİRLƏR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.