“QIZLAR UNİVERSİTETİ” NİN TƏLƏBƏLƏRİ “YENİ MÜSAVAT” QƏZETİNİN REDAKSİYASINA BASQIN EDİB

Dünən (4 mart) Bakı Qızlar Universitetinin 50-yə yaxın tələbəsi və 5 müəllimi “Yeni Müsavat” qəzetinin redaksiyasına basqın edib. Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə,  basqına səbəb “Yeni Müsavat” qəzetində universitetlə bağlı dərc olunan yazılar olub.

Belə ki, Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov universitetin bir necə 4-cü kurs tələbəsini universitetdən xaric edib.  Universitetdən xaric edilən tələbələrin valideynləri bu məsələ ilə bağlı ölkə başçısı, təhsil naziri və digər qurumlarla yanaşı “Yeni Müsavat” qəzetinə də müraciət ediblər. Qəzetdə isə bu faktla bağlı yazı dərc edilib.
     A. Ayxan həmçinin onu da bildirdi ki, redaksiyaya basqın edən tələbə və müəllimləri redaksiyadan kənarlaşdırmaq üçün polisə müraciət etməli olublar: “redaksiya basqın ilə bağlı təhsil naziri Misir Mərdanova artıq müraciət etmişik. İstəyirik ki, təhsil naziri Qızlar Universitetinin rektorunun bu qeyri-sivil davranışı ilə bağlı ondan izahat götürsün.”
     Faktla bağlı qarşı tərəfin də rəyini öyrənmək üçün  Bakı Qızlar Universiteti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq universitetə dəfələrlə zəng etməyimizə baxmayaraq dəstəyi götürən olmadı .
Previous Post

YENİ REGİONAL TELEKANAL FƏALİYYƏTƏ BAŞLAYIB

Next Post

“AMERİKANIN SƏSİ ” RADİOSUNUN REKLAMLARI YIĞIŞDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.