HAKİMİYYƏT MEDİANIN VƏZİYYƏTİNİ NORMAL QİYMƏTLƏNDİRİR

yanvar 9th, 2008
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya verdiyi müsahibəsində Azərbaycan mətbuatı barədə danışıb.

2007-ci ildə Azərbaycanda mətbuatın vəziyyətini necə qiymətləndirirsiz sualına cavab verərkən Ə.Həsənov Azərbaycan mətbuatının ötən ilki vəziyyətini normal qiymətləndirib: ”Düşünürük ki, ölkədə mətbuat heç bir ciddi böhranla üzləşməyib, kütləvi informasiya vasitələri bu və ya digər yollarla fəaliyyətini dayandırmayıb, onlara bu yöndə təzyiq olmayıb. Təkcə “Realniy Azerbaydjan” qəzeti fəaliyyətini dayandırıb ki, bununla bağlı kifayət qədər açıqlamalar olub”. Jurnalistlərin həbs olunması məsələsinə də toxunan Ə Həsənov bildirib ki, biz jurnalistlərlə ayrı-ayrı şəxslər arasındakı məhkəmələrə normal hal kimi baxırıq: “Hüquqi dövlətdə hər kəsin öz hüquqlarını qoruması yalnız məhkəmə yolu ilə təsbit olunubsa, deməli, həmin şəxslərin onların hüquqlarını pozan jurnalistlərə qarşı məhkəmə iddiası qaldırmaları təbiidir. Biz bu məhkəmələrin bəzi jurnalistlərin həbsi ilə nəticələnməsindən təəssüflənirik.”

      Əli Həsənov medianın 2008-ci ildə ola biləcək vəziyyəti haqqında danışıb: “Azərbaycan mediası tam demokratik, siyasi plüralizm şəraitində fəaliyyət göstərir. Bu il də bizim medianın belə şəraitdə fəaliyyət göstərmək imkanı olacaq. Kimin fəaliyyəti qanunlara, cəmiyyəti inkişaf tendensiyalarına və müasir jurnalistikanın tələblərinə uyğun olacaqsa, onları həmişəki kimi yenə də inkişaf gözləyir”.