GÖYÇAY RAYON SAKİNİ ONDAN RÜŞVƏT ALINDIĞINI İDDİA EDİR

aprel 1st, 2010
Bu gün (01 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində hüquq müdafiəçisi Vidadi İskəndərov Göyçay rayon sakini Ədalət Zülfüqarovdan  polis əməkdaşlarının 3000 manat rüşvət alması ilə bağlı mətbuat konfransı keçirib.

O bildirib ki, Ə. Zülfüqarov Dövlət yol polisi əməkdaşı Bəxtiyar Həşimov tərəfindən saxlanılmış, aralarında mübahisə olmuşdur: “Bəxtiyar Həşimov isə şikayət edərək Ədalət Zülfüqarovun ona hücum etdiyini bildirmişdir”. Polis şöbəsində Ədalət Zülfüqarovdan 6000 manat rüşvət istənildiyini qeyd edən V. İskəndərov həmin məbləğin 2000 manatının onun zaminə buraxılması, 4000 manatının isə məhkəməyə veriləcəyi bildirilib.
Ədalət Zülfüqarov isə bildirdi ki, həmin gün polis şöbəsinə gələn qaynı Mahir Əliyevdən onun  azad olunmağı müqabilində 3000 manat pul istəyiblər. Mahir Əliyevin qohumlardan borc pul toplayaraq polis şöbəsinə çatdırdığını qeyd edən Ə. Zülfüqarov bundan sonra sərbəst buraxıldığını bildirib.
Ə. Zülfüqarov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bütün problemlərin də məhz bununla bağlı olduğunu bildirib: “Bəxtiyar Həşimov dəfələrlə məni maşınla gedərkən saxlayıb və maşınımda görüntünü məhdudlaşdıran vasitə olduğunu iddia edərək məndən pul alıb”.
Ə. Zülfüqarov bununla bağlı dünən “Azadlıq” radiosunda çıxış etdikdən sonra Göyçay RPŞ-dən dəfələrlə zəng vuraraq bu məsələni ictimailəşdirməməyi istəyiblər.