ÖLÜM AYAĞINDA OLAN VƏTƏNDAŞ SƏHİYYƏ NAZİRLİYİNİN LAQEYD MÜNASİBƏTİNDƏN NARAZIDIR

sentyabr 11th, 2009
Bu gün (11 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Yolçuyeva  Sahibxanım Həsən qızı mətbuat konfransı keçirdi. O bildirdi ki, özü və həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəksə də, maddi imkanları olmadığına görə müalicə oluna bilmir.

“Özüm də ağır dərəcəli fibromioma xəstəliyindən əziyyət çəkirəm. Ağır vərəm xəstəsi olan həyat yoldaşım isə 7 nömrəli  Buzovna vərəm dispanserində müalicə olunur. Hətta evimizi də satıb ərmin müalicəsinə xərcləsək də, heç bir xeyri olmayıb. Mənim sağ qalmağım üçün təcili əməliyyat olunmam lazımdır” – deyən şikayətçi qeyd etdi ki, dəfələrlə Xocahəsən xəstəxanasına, Bakı Şəhər Baş Tibb İdarəsinə və Səhiyyə nazirliyinə müraciətlər etsə də, bu qurumlardan bir kömək olmayıb. “Düşdüyüm çətin vəziyyətlə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətimdən sonra, Fond mənim təcili əməliyyat olmağımla bağlı səhiyyə qurumlarına məktub göndərib. Ancaq nə Bakı Şəhər Baş Tibb İdarəsi, nə də Səhiyyə Nazirliyi Mehriban xanımın müraciətinə də məhəl qoymur. ”