Beynəlxalq Mətbuat Günü ilə əlaqədar keçirilən dəyirmi masadan sonra jurnalistlər, redaktorlar, hüquq müdafiəçiləri, siyasətçilər və ictimaiyyət nümayəndələri “Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun və “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarlarını ziyarət ediblər.
Burada “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, hüquq müdafiəçisi Arzu Abdullayeva, Müsavat partiyasının başqanı İsa Qəmbər və digər şəxslər çıxış etdilər. Çıxış edənlər medianın indiki çətin vəziyyətindən söz açıblar, soyuq bir gündə məzarların ziyarətinə insanların gəlişini azad sözü müdafiə edənlərin varlığı kimi qiymətləndiriblər.
Çıxışlardan sonra “Dalğa” Gənclər Hərəkatının üzvləri Elmar Hüseynovun məzarı üstündə kiçik tamaşa göstərdilər. Tamaşa Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun parodiyasından ibarət idi. Həsənovu parodiya edən şəxs onun adından çıxış edir: “biz cənab İlham Əliyevə minnətdarlıq edirik ki, ümummilli lider Heydər Əliyevin yolunu davam etdirərək mətbuata qayğı göstərir, dövlətimizin neft siyasətindən sonra ən böyük siyasət ölkəmizə diqqəti yönəltmək üçün jurnalistlərə qarşı məqsədyönlü siyasət yürütməsidir. Bunun nəticəsidir ki, bizim jurnalistlər beynəlxalq təşkilatlardan hədiyyələr alırlar”.