ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜ QÜSSƏ İÇİNDƏ QEYD EDİLİR

Bu gün (02 may) Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar Söz Azadlığını Müdafiəsi Komitəsi və jurnalist ictimaiyyəti tərəfindən təşkil edilən dəyirmi masa keçirilib.

Tədbirdə “Media və cəmiyyət 2008-ci ilin prizmasında” adlı sənədin təqdimatı oldu. Sənədin Sülh və Demokratiya İnstitutunun sifarişi ilə hazırladığını deyən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, ötən il də analoji proqnoz layihəsi ilə çıxış etdiklərini xatırlatdı:

         “Proqnozlaşdırılan hadisələr 2007-ci ildə öz əksini tapdı. 2007-ci il bizlər üçün ağır keçdi, itkilər verdik, 10 nəfərdən çox jurnalist həbs olundu, jurnalistlərə təzyiqlər artdı, jurnalistlər və redaksiyalarla bağlı 1000-dən yuxarı məhkəmə çəkişmələri oldu, qəzetlərin iqtisadi durumu daha da pisləşdi. Bunların səbəbi Azərbaycanda azad medianı məhv etmək və yaxud çərçivəyə salmaqdır”, – deyə Əliyev qeyd etdi.
         Ölkədə söz azadlığının inkişafı üçün zəminin olmadığını, hakimiyyətin ictimai fikrə təsir etdiyini və bir tərəfli informasiya axının təmin etməyə cəhd etdiyini bildirən  Əliyevə görə bu da Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının pozulmasıdır.
         “2008-ci ilin prezident seçkiləri ili olduğu üçün vəziyyətin daha da gərgin olduğunu mətbuat nümayəndələri bilməli və buna hazır olmalıdırlar”, – deyə vurğulayan Əliyev bu ilin başlanğıcından  əsas olayların mətbuatın ətrafında baş verdiyini də xatırlatdı.  
         “Mən sabahkı gün münasibətilə jurnalistləri təbrik edə bilmirəm. Çünki mətbuatın, Azərbaycan mediasının bu günkü vəziyyətini nəzərə alaraq bunu edə bilmirəm”. Bu sözləri isə Söz Azadlığı Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva tədbirdə çıxışı zamanı səsləndirib.
         “Külli miqdarda neft gəlirləri ölkəyə axdığından və bu gəlirlər mənimsəniləcəyindən Azərbaycan hakimiyyəti çalışır ki, Azərbaycanı  bir zirzəmiyə çevirsin, yəni müxalifət sındırılmalı, media isə susmalıdır”. Bu sərt bəyanatla çıxış edən politoloq Zərdüşt Əlizadəyə görə bu addımları iqtidar hakimiyyəti əldən verməmək üçün atır.
         “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Azərbaycan hakimiyyətinin  beynəlxalq rəyə saymazyana yanaşmasından şikayətləndi.
         Müsavat Partiyasının başqanı İsa Qəmbər İlham Əliyevin hakimiyyətə gəlişindən sonra mətbuatda fövqəladə vəziyyətin davam etdiyini və bununla bağlı cəmiyyətdə laqeydliyin və qorxunun artdığını vurğuladı: “Söz azadlığını məhdudlaşdırmaq insanın vicdanını susdurmaq deməkdir. Medianı iflic etmək cəmiyyəti iflic etməkdir”, – deyə bildirən Qəmbər əlavə etdi ki, mətbuata qarşı olan təzyiq və basqılar hakimiyyətin kreslosunu itirəcəyi qorxusundan xəbər verir.

Previous Post

NƏCƏF NƏCƏFOV VƏ ELMAR HÜSEYNOVUN QƏBİRLƏRİ ZİYARƏT OLUNUB

Next Post

Roundtable on World Press Freedom Day

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.