“GÜNDƏLİK BAKI” QƏZETİ MƏQALƏSİZ DƏRC OLUNUB

Bu gün (02 aprel) "Gündəlik Bakı" qəzeti məqaləsiz çap olunub. Buna səbəb qəzetin Mətbuat Şurası tərəfindən “reket” elan olunması və nəticədə yayımla məşğul olan "Qasid" ASC-nin qəzetin yayımından imtina etməsidir.

Qəzetin ön səhifəsində aksiya ilə bağlı məlumat, ikinci səhifədə redaksiya əməkdaşlarının məsələyə münasibətləri, digər səhifələrdə isə səhifəboyu etiraz şüarları yerləşdirilib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetindən daxil olan bəyanatda bildirilir ki, “qəzetin “reket” elan ounması ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı qaldırılan iddiaya əsasən keçirilən məhkəmə prosesində yayım firmasının bu qanunsuz hərəkətinə son qoyulması ilə bağlı vəsatət qaldırılsa da, təmin olunmayıb. Qəzet kollektivi bütün bunları MŞ-nin məhkəməyə və yayım firmasına təzyiqinin nəticəsi kimi qiymətləndirib.
Bəyanatda vurğulanır ki, bu kimi hallara son qoyulmazsa daha ciddi və genişmiqyaslı aksiyalar keçiriləcək.
Məsələyə münasibət öyrənmək üçün Mətbuat Şurası və “Qasid” ASC-yə dəfələrlə zəng etsək də, danışmağımız mümkün olmadı.
MŞ sədri  Əflatun Amaşov bu gün məsələ ilə əlaqədar “Media forum” saytına bildirib: “Biz fevralın 1-də yayım şirkətlərinə – “Qasid” ASC-yə, “Kaspi Mətbuat Yayımı” MMC-yə, “Azərmətbuatyayımı” ASC-yə, “Metro-Servis” MMC-yə və “Qaya” Mətbuat Yayımına məktubla müraciət edib şuranın tərtib etdiyi “qara siyahı”da yer alan kütləvi informasiya vasitələrinin 2009-cu ildəki dövriliyi, abunəçilərinin yayım təşkilatlarına yayım üçün təqdim etdikləri nüsxələrin və faktiki satışın sayı barədə məlumatları istəmişik. Şuranın “qara siyahı”sı da məktuba əlavə edilərək yayım şirkətlərinin diqqətinə çatdırılıb”
Xatırladaq  ki, 2009-cu ilin dekabrın 30-da Mətbuat Şurası “Gündəlik Bakı” qəzetinin “reket”lər siyahısına salınması barədə qərar çıxarıb. Qəzet rəhbərliyi qərarla bağlı təkzib verilməsi, mənəvi ziyana görə 100.000 (yüz min) manat, maddi ziyana görə isə 50 min manat cərimə ödəməsi ilə bağlı iddia qaldırıblar.
Qeyd edək ki, “Gündəlik Bakı” qəzeti 2007-ci ildən fəaliyyətə başlayıb və gündəlik dərc olunur.

Previous Post

DAK IRAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASİ KEÇİRİB

Next Post

OMBUDSMAN “DİFFAMASİYA HAQQINDA QANUN”UN QƏBUL OLUNMASINA TƏRƏFDAR OLDUĞUNU BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.