Mayın 10-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Gündəm Xəbər” qəzetinin kollektivi Mətbuat Şurasının qəzetlə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etməsinə etiraz olaraq mətbuat konfransı keçirib.
“Gündəm Xəbər” qəzeti Mətbuat Şurasının üzvü deyil. Qəzetin yaradıcı heyətinin çıxışlarından bəlli olub ki, mətbuat orqanı son dövrlər səhifələrində daha çox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tənqidinə daha çox yer ayırıb. “Mətbuat Şurasının bizə hər hansı müraciət etmədən, tənqid obyekti ilə müzakirə təşkil etmədən prokurorluğa müraciət etməsi bir daha hansısa sifarişi yerinə yetirdiyindən xəbər verir”, – deyə qəzetin əməkdaşı Nəsimi Şərəfxanlı bildirib.
“Mətbuat Şurası tənqidin razı olmayan subyektindən irəli gedərək, istintaq orqanına müraciət edir. Halbuki, Mətbuat Şurası əməliyyat, axtarış və ya istintaq funksiyalarını yerinə yetirmir”, – deyə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vurğulayıb.