“GÜNDƏLİK BAKI” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

“Gündəlik Bakı” qəzetinin əməkdaşı Habil Vəliyev Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qohumu olduğunu bildirən Araz adlı şəxsin və Əsgər Ələkbərovun qardaşı Fərhad Ələkbərovun adına olan “Fərhad ” şadlıq sarayında baş inzibatçı işləyən şəxsin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə bu gün (19 sentyabr ) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü  məlumat verib.

“17 sentyabr saat 12 radələrindən başlayaraq saat 5-6 radələrinə qədər müxtəlif nömrələrdən mənə zəng gəlirdi. Keçmiş Qazax «OMON»un komandiri, ömürlük məhbus  Elçin Əmiraslanov və onun bacısı Şəhla Əmiraslanova ilə bağlı qəzetimizdə məlumatlar gedib və buna görə də Elçin Əmiraslanovun bacısının həyat yoldaşı Bünyəmin adlı şəxs mənə zəng etdi və  məni hədələdi.  Daha sonra mən saat 9 radələrində “Fərhad ” şadlıq sarayına toya getmək üçün yola çıxdım. Yolda olarkən qara bir cip  markalı avtomobilin məni təqib etdiyini gördüm. DİN-nin 102 xidmətinə zəng etdim, məni təqib etdiklərini bildirdim və  maşının təqibindən xilas olaraq şadlıq sarayına çatdım. Bir az keçməmiş restoranın baş inzibatçısı və Araz adlı şəxslə mənim aramda qısa müddətli insident yaşandı.  Toyda bir qədər qalandan sonra saraya çoxlu adamlar daxil oldular və məni zorla çıxartmaq istədilər. Mən qəti şəkildə müqavimət göstərdikdən sonra onlar məni  çöldə gözləməyə davam etdilər. Restorandan çölə çıxan kimi çoxlu sayda şəxs mənə hücum etdi və məni döyməyə başladılar. Əgər idmançı olmasaydım çətin ki onların əlindən sağ qurtula bilərdim”, -deyə Habil Vəliyev bildirib.

            H. Vəliyev onu da bildirdi ki, polis əməkdaşları onları 13-cü polis bölməsinə apararaq ərizə yazmalı olduğumu bildirdilər və polis bölməsinə gələn Əsgər Ələkbərovun qardaşı Fərhad Ələkbərov ərizə yazmağıma mane olmaq istəyirdi.

“O həm məni, həm də polis bölməsinin əməkdaşlarını hədələdi və  təhqir etdi. Polis  bölməsində ərizəmi təqdim etdikdən sonra məni ekspertizaya göndərdilər. Ekspertizadan keçdim və  Sabunçu Rayon Ekspertiza Şöbəsindən isə  bildirdilər ki, rəyi daha sonra almalıyam, çünki şöbənin rəisi yerində deyildi”, -deyə  Vəliyev əlavə edib.

Jurnalist onu da qeyd etdi ki, hadisə ilə bağlı ölkə prezidentinə və  güc strukturlarına müraciət edib.

Previous Post

JURNALİSTİN APELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.