HACI MƏMMƏDOV ELMAR HÜSEYNOVUN QƏTLİNİ ŞƏXSƏN TƏŞKİL ETDİYİNİ BİLDİRİB

Çoxsaylı qətllər və digər ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki Hacı Məmmədov “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun qətlini şəxsən təşkil etdiyini bildirib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bildirib ki, bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında Hacı Məmmədovla görüşərkən o, törətdiyi cinayətlər haqqında danışıb: “Hacı Məmmədov dedi ki, Elmar Hüseynovun qətlini və məlum olan bütün cinayətləri özü törədib, bunları etiraf etmək üçün isə ona heç bir təzyiq edilməyib”.
E.Behbudov onu da qeyd edib ki, H. Məmmədovun bunlarla bağlı təqdim etdiyi məktubu götürməkdən imtina edib.
Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında qətlə yetirilib.
Hacı Məmmədov isə bir sıra ağır qətllər, adam oğurluğu və digər cinayətlər törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Məsələ ilə bağlı MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev məsələ ilə bağlı araşdırma aparacağını deyərək, bir qədər sonra zəng etməyimizi istədi. Lakin sonradan onunla əlaqə saxlamaq mümkün olmadı.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIRLAŞIB

Next Post

POLİSİN QANUNSUZ HƏRƏKƏTLƏRİ İLƏ BAĞLI MƏHKƏMƏDƏ İDDİA QALDIRILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.