JURNALİSTLƏRİN DAHA BİR ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Media Hüquq İnstitutundan (MHİ) verilən məlumata görə, 12 iyun 2007-ci ildə Sabir bağında mediaya basqılara etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd edən jurnalistlər (Rauf Arifoğlu, Azər Ayxan, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Müqabiloğlu, Qənimət Zahidov, Şahvələd Çobanoğlu və Mehman Əliyev) Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriblər.

Xatırladaq ki, aksiya zamanı jurnalistlər Səbayel Rayon Polis İdarəsinin əməkdaşlarının fiziki zorakılığına məruz qalıblar, Rauf Arifoğlu, Qənimət Zahidov, Zabil Müqabiloğlu və Şahvələd Çobanoğlu zor tətbiq olunmaqla saxlanılıblar. Jurnalistlər məhkəməyə müraciət edərək polisin piketə müdaxiləsini qanunsuz hesab edilməsini, jurnalistlərə zor tətbiq edən polis əməkdaşlarına cinayət işi başlanmasını, habelə hüquqları pozulan jurnalistlərə 10.000 AZN təzminat ödənməsini nəzərdə tutan qətnamənin çıxarılmasını istəmişdilər. Lakin Səbayel rayon Məhkəməsi 20 iyul 2007-ci il tarixdə iddianı icraata götürməkdən imtina edib. Bakı Apellyasya Məhkəməsi (18 sentyabr 2007-ci il) və Ali Məhkəmə (10 yanvar 2008-ci il) aşağı məhkəmələrin imtina barədə qərarını qüvvədə saxlayıb.
    Jurnalistlərin hüquqlarını MHİ-nin direktoru Rəşid Hacılı, MHİ-nin hüquqçuları Xalid Ağaliyev və Elçin Sadıqov müdafiə edir. Göndərilən şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri piket keçirmələrinə imkan verilməyən jurnalistlərin iddiası üzrə qərarlar verərkən Avropa İnsan Haqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması), 6-cı (ədalətli məhkəmə araşdırması), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələrini pozublar. Avropa Məhkəməsindən jurnalistlərin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdiyi xərclərin və zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir. 
    Xatırladaq ki, 2007-ci il də keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsinə buraxılmayan bir qrup jurnalist də (Elşad Məmmədli, Elşən Məmmədəliyev, Təranə Kazımova, Fikrət Hüseynli, Çingiz Sultansoy, Hacı Zeynalov, Vazeh Mehdiyev, Ramiz Nəcəfli, Səbuhi Nəsibov) Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI YENİ İDDİA QALDIRILIB

Next Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.