NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (9 noyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-sədo “ qəzetinin baş redaktoru Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

 Prosesdə  iddiaçıların vəkili Ramiz Məmmədov və  cavabdehlərdən – Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin nümayəndəsi Elşən Həsənov, 15 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Malik Şirməmmədov və Tibb Baş İdarəsinin rəisi İftixar Qurbanov  iştirak edirdilər.
İddiaçıların vəkili R. Məmmədov mərhum N. Məmmədovun adına açılan tibbi kartların təxirə salınmadan tələb edilməsi barədə vəsatət qaldırdı.
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin nümayəndəsi Elşən Həsənov bildirdi ki, tibbi kartın verilməsi iddiada əksini tapıb və biz kartın verilməsinə etiraz etmirik.
Hakim İ.Şirinov Nizami rayon Məhkəməsinin təqdim etdiyi materialların tədqiq edilməsi üçün məhkəmə prosesini 16 noyabr saat 15:00-a təyin etdi.
Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

“AMERİKANIN SƏSİ” VƏ “AZADLIQ” RADİOLARININ “TÜRKSAT” PEYKİNDƏ YAYIMI BƏRPA OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.