“NOTA” QƏZETİNƏ QARŞI NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

iyul 17th, 2009
Bu gün (17 iyul ) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

   Prosesdə  tərəflərin çıxışları dinlənildi. İddiaçının vəkili Əzizağa Həbilov vacib işinin olduğunu bildirərək prosesi tərk etdi.
     Daha sonra iddiaçı T.Novruzov çıxış edərək, iddiasında israrlı olduğunu və cavabdehlərin cəzalandırılmasını məhkəmədən xahiş etdi.
     S.Əlibəyli, F.Novruzoğlu və R.Tağıyev isə iddianın əsassız olduğunu və sözügedən yazılarda böhtan xarakterli ifadələrin olmadığını deyərək, iddianın rədd olunmasını istədilər.
 
  Hakim növbəti prosesi 21 iyul saat 14:00-a təyin etdi.

     Qeyd edək ki, bu ilin mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə  bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.