MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (16 avqust) Səbail rayon məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi  ilə “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin təsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadənin Milli Televiziya və Radio Şurasına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçılar və cavabdehin nümayəndəsi Toğrul Məmmədov iştirak edirdilər.

 

    İddiaçı Yaşar Ağazadə çıxışında iddianı müdafiə etdiyini bildirib. O vurğulayıb ki, MTRŞ-nin lisenziya verməkdən imtina etməsi və yeni müsabiqələri keçirməməsi onların milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulan İfadə azadlığına ziddir. Ağazadə iddia ərizəsində Avropa Məhkəməsinin qərarlarına istinad edildiyini deyərək, yerli məhkəmələrin bu qərarlardan presedent kimi istifadə etməli olduğunu bildirib və  iddianın təmin edilməsini xahiş edib.

 

    Cavabdehin nümayəndəsi Toğrul Məmmədov isə bildirib ki, lisenziya yalnız müsabiqə əsasında verildiyi üçün, iddianı əsassız hesab edir və iddianın təmin edilməməsini istəyib.

 

    Daha sonra Rəsul Cəfərov Televiziya və Radio Yayımı haqqında qanunun 16-cı maddəsinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə vəsatətlə çıxış etdi. O vurğuladı ki, sözügedən qanunda MTRŞ-nin ildə bir dəfədən az olmayaraq boş qalan istifadəyə yararlı efir radiotezliklərinin siyahısının sorğu vasitəsilə alaraq kütləvi informasiya vasitələrində dərc etdirilməsi ilə bağlı müddəa əksini tapıb. “Buna görə də hesab edirəm ki,  “ildə bir dəfədən az olmayaraq” ifadəsi tezliklərin verilməsi üçün müsabiqələrin elan olunmasına da hesablanıb” – deyən Cəfərov bunun dəqiqləşdirilməsi üçün sorğunun göndərilməsini məhkəmədən xahiş edib.  

 

    Hakim bu vəsatətə növbəti prosesdə baxılacağını deyərək, prosesi 26 avqust saat 10.00-a təyin edib.

 

   Qeyd edək ki, iddiaçılar Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər.

 

Previous Post

NAZİM QULİYEVİN RAUF ARİFOĞLUYA QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLMƏDƏN RƏDD EDİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.