NAZİM QULİYEVİN RAUF ARİFOĞLUYA QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLMƏDƏN RƏDD EDİLDİ

Avqustun 13-də Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyevin “Yeni Müsavat” qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğluya və onun 1-ci müavini Azər Ayxana qarşı xüsusi ittiham qaydasında iddia üzrə hazırlıq iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) cavabdehlərin vəkili Elçin Sadıqov məlumat verib.

 

Cavabdehin vəkili E.Sadıqov çıxışında iddiada göstərilən yazılarla bağlı Nizami Rayon Məhkəməsində Azər Ayxana bəraət hökmü verildiyini xatırladıb və hakimdən xüsusi ittihamı icraata qəbul etməməyi xahiş edib.

 

İddiaçının vəkili R.Məsimzadə hakimdən xüsusi ittihamın icraata götürülməsi haqda qərar çıxarmağı xahiş edib.  

Hakim xüsusi ittihamın rədd edilməsinə qərar verib.

 

E.Sadıqov  əlavə edib ki, “Yeni Müsavat” qəzeti Nizami rayon ərazisində yerləşsə də, Yasamal rayon ərazisində yerləşən “Azərbaycan” nəşriyyatında çap olunduğu üçün N.Quliyev bu rayonun məhkəməsinə müraciət edib.

 

 Qeyd edək ki, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan 20 məqalə səbəb olub. “Nazim Quliyev PKK-nı təbliğ edir”, “Nazim Quliyevin arxasında kim durur”, “Nazim Quliyev yenə Bəylər Əyyubovun adından istifadə edir”, “Nazim Quliyev Apellyasiya Məhkəməsinə 350 min manat rüşvət vermək istəyir” və digər yazıların səbəb olduğu iddiada cavabdehlərin CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunurdu. Eyni məqalələrlə bağlı Nizami rayon məhkəməsində də xüsusi ittiham qaydasında iddia qaldırılsa da, iddia 18.06.2010-cu ildə rədd edilib.

 

Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.

    Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.