GƏNC BLOQÇULARIN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (27 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

 Prosesdə şahid qismində 9-cu polis bölməsinin əməkdaşı Sənani Məmmədov ifadə verib. O, bildirib ki, hadisə baş verən gün bölmədə növbətçi olub və 5 nəfərin bölməyə gətirilməsinini şahidi olub. “Sonradan bildirdilər ki, onlardan iki nəfərinin halı pisdir və təcili yardım çağırdıq” – deyən şahidə vəkillər – İsaxan Aşurov və Elton Quliyev sualla müraciət ediblər. Onlar prosesdə iştirak edən Emin Milli və Adnan Hacızadəni göstərərək, bölmədə təcili yardıma ehtiyacı olan şəxslər olub-olmamasını soruşublar. Sənani Məmmədov cavab verib ki, o bölmədə yardımın kimə çağırılmasını bilmir. Şahid daha sonra bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan Vüsal Məmmədov döyülməsi ilə bağlı bölməyə ərizə ilə müraciət edib.

Şahid qismində ifadə verməli olan digər bir şahid – Şahzeynəb Rüstəmovanın səhhəti ilə əlaqədar iştirak etmədiyi bildirildi və hakim növbəti məhkəmə prosesini 6 noyabr saat 15:00-a kimi təxirə saldı.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

QƏNİMƏT ZAHİD REVMATİZMDƏN ƏZİYYƏT ÇƏKİR

Next Post

Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi 27.10.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.