JURNALİSTİN FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

iyul 13th, 2010

Bu gün (13 iyul) Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə jurnalist Zülfüqar Xeyirxəbərə fiziki xəsarətlər yetirmiş Əziz Əhmədova qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi üzrə məhkəmə prosesi  keçirilib.

Prosesdə təqsirləndirilən Əziz Əhmədov, zərərçəkən Zülfüqar Xeyirxəbər və onun nümayəndəsi Fariz Namazlı, həmçinin dövlət ittihamçısı Orxan Nuriyev iştirak edirdi.

 

    Prosesdə zərərçəkən tərəfin şahidi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov ifadə verib. Mehman Hüseynov ifadəsində bildirib ki, 18 fevral 2010-cu il tarixində jurnalist Z.Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı RATİ-yə məlumat daxil olub və bildiriblər ki, jurnalist hazırda Səbail rayon polis idarəsinin 9-cu polis bölməsindədir.  “Səbail rayon 9-cu polis bölməsinin qarşısında Xeyirxəbərdən hadisə ilə bağlı müsahibə götürdükdən sonra, çəkiliş aparmaq üçün “Karvan” çay evinə getdik. Orada FHN əməkdaşının “Karvan” çay evinin qapısını bağladığının şahidi olduq və lentə aldıq” – deyə RATİ əməkdaşı bildirib.

 

    Daha sonra hakim bildirdi ki, dövlət ittihamçısı Əhməd Cəfərov məzuniyyətə çıxdığından ötən prosesdə zərərçəkən tərəfin  “Karvan” çay evinin inzibatçısı Zaur Qafarov və hadisə yerində olaraq jurnalistə zor tətbiq etmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının da təqsirləndirilən şəxs qismində cəlb olunması və Cinayət Məcəlləsinin 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), həmçinin FHN-in əməkdaşının Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məsuliyyətə cəlb olunması barədə qaldırdığı vəsatətlə bağlı onu əvəz edən Orxan Nuriyev rəy hazırlamalıdır və buna görə də proses 23 iyul saat 11:00-a qədər təxirə salınıb.

 

    Xatırladaq ki, 18 fevral 2010-cu il tarixində, həmin vaxt “SalamNews” agentliyində müxbir işləyən Zülfüqar Xeyirxəbər “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən fiziki təzyiqə məruz qalıb. Özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub.  Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı onu itələyə-itələyə ərazidən kənarlaşdırmaq istəyib. Bu zaman orada olan Əziz Əhmədov ona zərbə endirib.