HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (25 iyun) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov

Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi.

 

Prosesdə cavabdeh Vidadi İsgəndərov və iddiaçıların vəkili Əlirza Həbilov iştirak edirdilər.

Vəkil Ə. Həbilov iddiaya səbəb olan məqalədə  hüquqlarını müdafiə  etdiyi şəxslər barəsində  yer alan fikirlərin əsassız olduğunu və heç bir dəqiq mənbəyə söykənmədiyini deyərək, onların böhtana məruz qaldıqlarını bildirdi və V.İsgəndərovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi.

 

V.İsgəndərov isə bildirdi ki, iddiaçıların özlərinə böhtan kimi qəbul etdikləri fikirləri, hüquqları pozulmuş Göyçay rayon sakinləri keçirdikləri mətbuat konfransında səsləndiriblər və mətbuatda dərc olunub. O, iddianı əsassız hesab etdiyini dedi.

 

Hakim X. Tağıyev növbəti prosesi 6 iyul saat 15:30-a təyin etdi.

 

Əlavə edək ki, prosesdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı foto və videoçəkiliş aparılması ilə bağlı müraciət təqdim etsə də, hakim çəkilişə icazə verməyib.

 

Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət yol polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.

 

Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

 

Previous Post

Günün xəbərləri

Next Post

SOROS FONDUNUN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ İLLİK HESABAT TƏQDİM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.