QƏZETİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ PROSES DAVAM ETDİRİLİB

mart 19th, 2010
Bu gün (19 mart) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.           

Prosesdə “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili və onun hüquqlarını müdafiə edən Əlirza Həbilov, cavabdeh qismində MŞ-nın nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.           
 
Cavabdehin nümayəndəsi  Ş. Əliyev ötən prosesdə iddiaçı tərəfindən qaldırılmış və təmin edilməli olan vəsatətə uyğun olaraq MŞ-ya daxil olan şikayətlərin əks olunduğu kitabçanın surətini hakimə təqdim etdi. İddiaçının vəkili Ə. Həbilov bununla razılaşmadığını deyərək yenidən vəsatət qaldırdı və  kitabçanın surətinin deyil, əslinin məhkəməyə təqdim edilməli olduğunu bildirdi. Hakim yerində qərar qəbul edərək, vəsatətin təmin olunmadığını və kitabçanın surətinin yetərli olduğunu bildirdi.
 
Daha sonra Ə. Həbilov iddiaçı A. Mərzilinin əsl iddiaçı  “Təzadlar” qəzeti ilə əvəz olunmasına dair vəsatət qaldırdı və bu vəsatəti MŞ-nın sədri Ə. Amaşovun onu deyil, redaktoru olduğu qəzeti “reket” adlandırması ilə əsaslandırdı.
 
Hakim İ. Şirinov vəsatəti qəbul edərək, növbəti prosesi  29 mart saat 15:30-a təyin etdi.
 
Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Azərbaycan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “reket” nəşrlər siyahısına aid edib. A.Mərzili Əflatun Amaşovun “Təzadlar” qəzeti ilə bağlı işgüzar nüfuzu ləkələyən məlumatlar KİV-də yaydığını iddia edən Asif Mərzili məhkəməyə müraciət edib.