SABİQ ƏMƏKDAŞININ AZTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

oktyabr 18th, 2010
 Bu gün (18 oktyabr)  Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sabiq redaktoru Asəf Quliyevin televiziyaya qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

      “2006-cı  ildən çalışdığım Azərbaycan televiziyasından  heç bir əsas olmadan çıxarılmışam. Mənim Azərbaycan televiziyasına  gəlişim  yeni hərbi vətənpərvərlik proqramının  yaradılması ilə bağlı olub. İlk vaxtlar 30 dəqiqə nəzərdə tutulan proqram 6-7 aydan sonra formatı saxlanılmaqla xronometrajı genişləndirilib və  proqrama əlavə qüvvələr cəlb edilib. 4 ilə yaxın müddət mən proqramın əsas yükünü daşıyanlardan biri olmuşam və ən məsuliyyətli işlər həmişə mənə həvalə olunub. Bilmək istərdim ki, proqram bağlanmadığı halda niyə mənimlə bağlanmış müqaviləyə xitam verilib”- deyə Asəf Quliyev bildirib.
  Cavabdeh tərəfin nümayəndəsi Sədrəddin İsgəndərov  baş redaktorun  vaxtında işə gəlmədiyini  və onun müasir texnologiyalardan baş çıxarmadığını əsas göstərərək onun işdən azad olunduğunu  və  baş redaktorunun şəxsi rəyinin heç bir hüququ qüvvəsinin olmamağını hakimin diqqətinə çatdırıb.
  Sonda vəkil hakim diqqətinə çatdırıb ki, Asəf Quliyevin işdən çıxarılması haqda əmr qeyri-iş günü verilib. Buna əlavə olaraq Asəf Quliyev Azərbaycan televiziyasında  İnzibati şöbə, Maliyyə və Kadrlar idarələrinin şənbə və bazar günləri işləmədiyini bildirib.  Cavabdehin vəkili də etiraf edib ki, bir hüquqşünas olaraq şənbə və bazar günü o işləmir.
  Sonda Asəf Quliyev cari ilin yanvar-fevral aylarında onun ifadə azadlığının pozulduğunu və bunun sübut olunması üçün müvafiq sənədlərin alınmasını hakimdən xahiş etdi.
  İclası yekunlaşdıran hakim cavabdeh tərəfdən baş redaktorun tabel tətbiq etməsinə ixtiyarı olub-olmaması ilə bağlı məsələni, qeyri iş günündə işdən çıxmaqla bağlı əmrin verilməsinin səbəbini və Asəf Quliyevin ifadə azadlığının məhdudlaşdırılmasını aydınlaşdıracaq sənədlərin növbəti iclasda məhkəməyə təqdim olunmasını tələb etdi.   Hakim növbəti prosesi oktyabrın 27-ə təyin edib.
  Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti bu il iyulun 31-də müqavilə müddəti başa çatandan sonra Asəf Quliyevlə yeni müqavilə bağlamayıb. A. Quliyev  şirkət  rəhbərliyinin işdən çıxarılmağı ilə  bağlı əmrinin ləğvini, müddətsiz müqavilə bağlanılması şərti ilə AzTV-də redaktor vəzifəsinə təyin edilməsini, işi buraxdığı  müddətin əməkhaqqının  və kompensasiya ödənməsini tələb edir.