“YENİ MÜSAVAT” QƏZETİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

fevral 15th, 2010
Fevralın 12-də Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Dövlət Gömrük Komitəsinə (DGK) qarşı informasiya sorğusunu cavablandırmaması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

 
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.
 
Onun sözlərinə görə, prosesdə iddiaçının nümayəndəsi  kimi özü və cavabdeh tərəfdən nümayəndə qismində  Sənan Muxtarov iştirak ediblər.

V.Hüseyn informasiya sorğusunu cavablandırmadığına görə, DGK-nın  10 000 (on min) AZN maddi təzminat ödəməsini tələb etdiklərini həmçinin adıçəkilən qurumun sədri Aydın Əliyevin inzibati qaydada məsuliyyətə cəlb olunması ilə bağlı vəsatət qaldırdıqlarını bildirdi.

 
DGK-nın vəkili S. Muxtarov isə həm iddianın, həm də vəsatətin əsassız olduğunu deyərək, onların rədd edilməsini məhkəmədən xahiş edib.
Hakim M. Hacıyeva prosesi fevralın 22-si saat 15:00-a təyin edib.
Xatırladaq ki, DGK 2004-2008-ci illərdə hər ilin ayrıca olmaqla Azərbaycan Respublikasına malların idxalına görə gömrük daxilolmaların (ƏDV, aksizlər, gömrük rüsumları), bölmələr, mal qrupları və ən mühüm malların (o cümlədən minik avtomobilləri) üzrə göstəriciləri, həmçinin gömrük daxilolmalarından azad edilmiş idxal mallarının ümumi həcmi və mal tərkibi barədə informasiya sorğusunu cavablandırmadığına görə “Yeni Müsavat” qəzeti məhkəməyə müraciət edib.