ELMİN BƏDƏLOVUN ADNA-YA QARŞI YENİDƏN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIB

Bu gün (12 may) Bakı Apellyasiya Məhkəməsində hakim hakim Sevda Hüseynovanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə Elmin Bədəlovun  ADNA-ya və onun rektoru Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası üzrə Nəsimi rayon Məhkəməsinin 2 fevral 2011-ci il  tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun özü məlumat verib.

Onun sözlərinə görə, prosesdə özü və nümayəndəsi Fariz Namazlı, cavabdeh qismində isə vəkil  İlqar Cavadov və ADNA-nın neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədov iştirak edirdilər.

E. Bədəlov bildirdi ki, onun nümayəndəsi Fariz Namazlı ADNA-nın nizamnaməsində tələbənin qalıq biliyinin yoxlanılmalı olduğunun  göstərilmədiyini məhkəmənin diqqətinə çatdırıb.  Cavabdeh tərəf isə  bu fikri təkzib edib.  Cavabdeh tərəf bildirib ki, Bədəlov  1, 2 və  3-cü kurslarda keçdiyi fənlərdən imtahan versə 4-cü kursu yenidən oxuya bilər.  Bədəlov isə  öz növbəsində qeyd edib ki,  həmin fənlərdən qiymət almışam və  buna görə də təzədən imtahan vermək kimi bir məcburiyyəti yoxdur. Hakim Sevda Hüseynova cavabdeh tərəfdən  təkziblərini sübut edə biləcək sənədləri məhkəməyə təqdim etmələrini tələb edib və növbəti prosesi 2 iyun saat 14:15-ə təyin edib

Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az
 
 saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj”
 
 adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib. ADNA və onun rektoruna qarşı  ikinci məhkəmə iddiasını   Nəsimi rayon Məhkəməsi 2 fevral 2011-ci ildə təmin etməyib.

Previous Post

Jurnalİstlər üçün hüquqİ termİnlər lüğətİ dərc olunub

Next Post

MƏHKƏMƏ İCRAÇILARI “XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNUN ƏMLAKINI SİYAHIYA ALIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.