GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES BAŞ TUTMAYIB

Bu gün (05 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular  – Emin Milli ( Abdullayev)  və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdikləri apellyasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Məhkəmədə  müşahidəçi qismində ATƏT-in Bakı ofisinin, Almaniya səfirliyinin, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının, “Dalğa”  gənclər hərəkatının nümayəndələri, həmçinin “Yeni Müsavat” qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları iştirak etsələr də, təxminən 1 saat gözləmədən sonra hakimlər heyəti məhkəmə salonuna daxil olublar.
Hakim Q. Məmmədov bildirdi ki, hava şəraitin sərt olması ilə  əlaqədar bloggerlərin məhkəmədə iştirakının təmin edilməməsi, həmçinin vəkillərin qatılmaması səbəbilə proses 12 fevral saat 11-00-a  təxirə salınır.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.
Previous Post

BAKI ŞƏHƏR PROKURORLUĞU VƏ BAŞ POLİS İDARƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MƏLUMAT YAYIB

Next Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR BAŞ TUTMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.