BAKI ŞƏHƏR PROKURORLUĞU VƏ BAŞ POLİS İDARƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MƏLUMAT YAYIB

Dünən (3 fevral) Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə bağlı məlumat yayıblar.

(Azadlıq radiosu)  Məlumatda bildirilir ki, E.Fətullayevlə aparılan üzləşdirmələr zamanı şahidlər qeyd olunan narkotik vasitənin E.Fətullayevdən aşkar edilərək götürülməsini bir daha təsdiq ediblər. “Məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı Eynulla Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib” deyə bildirilən məlumatda E.Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı da qeyd olunub. Cinayət işi ilə bağlı istintaqın yekunlaşmaq üzrə olduğu da dövlət qurumlarının məlumatında əksini tapıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

YENİ TELEKANAL AÇILMASI NƏZƏRDƏ TUTULUB

Next Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES BAŞ TUTMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.