ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ ƏLLƏRİNDƏKİ QANDALLAR AÇILMADAN KEÇİRİLİB

Bu gün (8 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Nəsimi rayon Məhkəməsinin 1 dekabr 2011-ci il tarixli qərarından (Ə.Zeynallı barədə həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qarşılığında azad edilməsinə dair müdafiə tərəfin şikayəti) verilən apellyasiya şikayəti üzrə qapalı məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə. Zeynallının vəkili E. Sadıqov məlumat verib.

Vəkil E. Sadıqov bildirdi ki, prosesdə özü, Ə. Zeynallı, eləcə də müstəntiq Qabil Qasımov və dövlət ittihamçısı iştirak ediblər. Vəkil Ə. Zeynallı zalda qandallı vəziyyətdə əyləşməsi barədə hakimə etirazını bildirib. Vəkilinin bu barədə, həmçinin Ə.Zeynallının onunla birgə əyləşməsi barədə vəsatətini də məhkəmə təmin etməyib.

Daha sonra Gülər Əhmədovanın istintaqa təqdim etdiyi CD məhkəməyə təqdim edilib. Hakim CD-ni ekspertizaya təqdim edib və prosesdə fasilə elan edib. Fasilədən sonra isə  hakim V. Mursaqulov  müdafiə tərəfin apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.

Vəkil E. Sadıqov bildirdi ki, bu qərardan Ali Məhkəməyə şikayət veriləcək.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər. 1 dekabr 2011-ci ildə Nəsimi rayon Məhkəməsi  seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi barədə qərar çıxarıb.

Previous Post

ÖLÜMLƏ HƏDƏLƏNƏN “XURAL” QƏZETİNİN ƏMƏKDAŞI ABŞ SƏFİRLİYİNƏ DƏVƏT EDİLİB

Next Post

PROQRAM VAR, MEXANİZMİ YOX

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.