GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (09 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Prosesdə ittiham edilənlər, onların vəkilləri İsaxan Aşurov və Elton Quliyev iştirak edirdilər. Lakin prosesdə zərərçəkmişlər, onların nümayəndələri və bu gün dindirmələri nəzərdə tutulmuş şahidlər – Sənani Məmmədov və Şahzeynəb Rüstəmova iştirak etmirdilər. Buna görə də hakim A. Hüseynov məhkəmə prosesini 27 oktyabr saat 15:00-a kimi təxirə saldı.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Video: http://www.irfs.az/content/view/2963/1/lang,az/

Previous Post

QARABAĞ AZADLIQ TƏŞKİLATININ ETİRAZ AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILIB

Next Post

Türkiyə səfirliyinin qarşısında keçirilən piket

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.