QƏNİMƏT ZAHİDOVUN YAZDIĞI KİTABIN MÜSADİRƏ EDİLMİŞ ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Bu gün Səbayel rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidovun əlyazmaları ilə bağlı qaldırılan iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Zahidovun özü məhkəməyə gətirilməsə də, vəkil Elçin Sadıqov onun nümayəndəsi kimi çıxış edirdi, qarşı tərəfdən isə nümayəndə kimi A.Məmmədov iclasa gəlmişdi.
    Hakim tərəflərə hüquq və vəzifələrini izah etdikdən sonra tərəflərin barışıq barədə fikrini öyrəndi. Sadıqov əlyazmaların qaytarılacağı təqdirdə barışığa hazır olduqlarını, Məmmədov isə barışığın deyil, iddiaya məhkəmədə baxılmasının tərəfdarı olduqlarını bildirdi.
      Bundan sonra hakim iddianın məhkəmə baxışına götürüldüyünü dedi və prosesi 14 avqust saat 15.00-a təyin etdi.
    Xatırladaq ki, Q.Zahidov həbs edildikdən sonra 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə müsadirə olunmuşdu. Əlyazmaları Penitensiar Xidmətə göndərildiyini deyən Əliyev bunu kitabda Heydər Əliyev və İlham Əliyevin əleyhinə yazıların olması ilə əsaslandırmışdı. Penitensiar Xidmətə də bir neçə dəfə müraciət olunsa da, əlyazmalar baş redaktora verilməmiş və geri Bayıl Təcridxanasının rəisi M.Əliyevə qaytarılmışdı. Əliyev baş redaktorun həyat yoldaşı A.Mürsəliyeva ilə söhbətində əlyazmaların akt tərtib edilərək məhv ediləcəyini söyləmişdi.
    Zahidov məhkəməyə müraciət edərək əlyazmaların müsadirə edilməsinin qeyri-qanuni hesab olunması və əlyazmaların ona qaytarılması barədə qətnamənin çıxarılmasını istəyib.

Previous Post

XATIRLATMA

Next Post

HƏYAT YOLDAŞI BAŞ REDAKTORLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.