EMİN HÜSEYNOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS TƏXİRƏ SALINIB

sentyabr 9th, 2009
Bu gün (09 sentyabr) Bakı Apellyasiya məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddiaya əsasən Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə keçirilməli olan məhkəmə iclası baş tutmayıb. İddiaçı tərəf məhkəmədə iştirak etmədiyi üçün, hakim iclası 23 sentyabr saat 12.30-dək təxirə salıb.

 Xatırladaq ki, Emin Hüseynov 14 iyun 2008-ci il tarixdə “Alaturka” restoranında olan dinc toplantıya polis müdaxiləsinin, jurnalist fəaliyyətinə müdaxilənin, 22-ci polis bölməsində saxlanmasının, bölmədə fiziki və mənəvi təzyiqə məruz qalmasının və bu işlə bağlı səmərəli araşdırma aparılmamasının qanunsuz hesab edilməsi və səhhətinə dəymiş zərərə, həmçinin mənəvi sarsıntılara görə cavabdehlərin hər birindən 50.000  (əlli min) AZN alınaraq ödənilməsi ilə bağlı qaldırdığı iddianın təmin olunmaması ilə bağlı 17 iyun 2009-cu ildə Nəsimi rayon məhkəməsində qərar çıxarılıb.
  Qeyd edək ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “ Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”- nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.